ELM VƏ TƏHSİL
Məktəblilər ulduzlu səmanı müşahidə ediblər
Bakı, 15 oktyabr, AZƏRTAC
“Ümumdünya kosmos həftəsi” çərçivəsində məktəblilər arasında maarifləndirmə aksiyaları keçirilib.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, “Ümumdünya kosmos həftəsi” çərçivəsində astrofizika üzrə mütəxəssislər Bakı və Sumqayıt şəhərlərinin orta məktəblərində təhsil alan 300-ə qədər şagirdə, ekoloji tərbiyə və təcrübəçilik mərkəzlərinin dərnək üzvlərinə kosmosa, astronomiyaya aid maraqlı mühazirələr oxuyublar. Maarifləndirmə tədbirlərində ali məktəb tələbələri də iştirak ediblər. Mövzuya aid filmlər nümayiş etdirilib, interaktiv müzakirələr aparılıb. “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda məktəblilərin iştirakı ilə astronomik gecə təşkil olunub və teleskoplar vasitəsilə ulduzlu səma müşahidə edilib. Ödənişsiz keçirilən tədbirin iştirakçılarına “National Geographic” jurnalları və digər hədiyyələr təqdim olunub.
BMT tərəfindən hər il bütün dünyada qeyd olunan “Ümumdünya kosmos həftəsi” çərçivəsində keçirilən bu tədbirlər Təhsil Nazirliyinin Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi, Elmin İnkişafı Mərkəzi, Tusi-Bohm Planetariumu və “EkoSfera” təşkilatı tərəfindən reallaşdırılıb.