Məktəblilərə dövlət bayrağımızın tarixi öyrədilir
Bakı, 20 aprel, AZƏRTAC
Bakı məktəblərində “Dövlət bayrağının tarixi” mövzusunda səyyar mühazirələr keçirilir.
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) və Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin birgə təşkilatçılığı ilə mühazirələrin keçirilməsində məqsəd məktəbliləri milli mənəvi dəyərlərə, dövlət atributlarına hörmət və Vətənə məhəbbət ruhunda tərbiyə etmək, onlarda vətənpərvərlik hissini yüksəltməkdən ibarətdir.
BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, mühazirələrdə şagirdlərə Azərbaycan Respublikasının Prezidenti tərəfindən elan olunmuş “Azərbaycan Xalq Cümhuriyyəti İli”, bayrağımızın günümüzə qədər keçdiyi tarixi yol və Azərbaycanın dövlət atributları haqqında məlumat verilir, müvafiq tarixi günlərin əhəmiyyəti vurğulanır. Həmçinin şagirdlər bayrağımıza həsr olunmuş şeirlər səsləndirir, Azərbaycanın dövlət atributları ilə bağlı fikirlərini bölüşürlər.
Mühazirələrin aprel və may aylarında davam etdirilməsi nəzərdə tutulur. İndiyədək BŞTİ-nin tabeliyindəki 200-dək ümumtəhsil məktəbində “Dövlət bayrağının tarixi” mövzusunda səyyar mühazirələr təşkil olunub.