İQTİSADİYYAT
Məmməd Musayev yenidən Beynəlxalq Sənayeçilər və Sahibkarlar Konqresi Şurası sədrinin müavini seçilib
Bakı, 15 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev Beynəlxalq Sənayeçilər və Sahibkarlar Konqresi Şurası sədrinin müavini seçilib.
ASK-dan AZƏRTAC-a bildiriblər ki, Minskdə 25 ölkədən müxtəlif hökumət və biznes nümayəndələrinin iştirak etdiyi Beynəlxalq Sənayeçilər və Sahibkarlar Konqresi Assambleyasının 11-ci iclası keçirilib. Tədbirdə ölkəmizi ASK-nın prezidenti Məmməd Musayev təmsil edib.
İclasda əvvəlcə konqresin gördüyü işlər müzakirə edilib, daha sonra idarə heyətinin yeni tərkibi təsdiqlənib.
Artem Çayka Beynəlxalq Sənayeçilər və Sahibkarlar Konqresinin prezidenti, Vasile Petru Tarlev şura sədri, ASK prezidenti Məmməd Musayev isə şura sədrinin müavini seçilib. Beynəlxalq sahibkarlığın inkişafında fəal iştirakına və verdiyi töhfələrə görə M.Musayev yenidən bu vəzifəyə seçilib.
Qeyd edək ki, ASK uzun müddətdir ki, Sənayeçilərin və Sahibkarların Beynəlxalq Konqresi ilə əməkdaşlıq edir. Bu əməkdaşlıq təşkilata daxil olan ölkələr arasında iqtisadi əlaqələrin inkişafında, yeni tərəfdaşların axtarışında öz bəhrəsini verir.