CƏMİYYƏT
“Mən fəxr edirəm ki, azərbaycanlıyam” layihəsi çərçivəsində növbəti tədbir Qazaxda reallaşıb
Bakı, 16 iyul (AZƏRTAC). “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “Mən fəxr edirəm ki, azərbaycanlıyam” layihəsinin icrasını davam etdirir.
Layihə çərçivəsində növbəti tədbir iyulun 16-da Qazax şəhərindəki Gənclər Mərkəzində keçirilib.
İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, tədbirdə çıxış edən Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini Gülayə Həsənova Azərbaycanda son illər gənclərin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışıb. Qeyd edib ki, rayon icra hakimiyyəti vətəndaş cəmiyyəti institutları ilə sıx əməkdaşlıq edir. O, həmçinin milli mənəvi dəyərləri, vətənpərvərlik ideyalarını təbliğ edən layihələri bundan sonra da dəstəkləməyə hazır olduqlarını bildirib.
Layihənin eksperti, tanınmış jurnalist Seymur Verdizadə “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin gənclər arasında vətənpərvərlik ideyalarının təbliği istiqamətində gördüyü işlərdən danışıb. Bildirib ki, “Mən fəxr edirəm ki, azərbaycanlıyam” layihəsinin icrasına ötən ildən başlanılıb. Layihənin aktuallığını nəzərə alıb, cari ildə də onun icrasını davam etdirməyə qərar verdik. Yaxın bir ayda Ağstafa, Masallı, Lənkəran, Şəki və Quba şəhərlərində gənclərin iştirakı ilə tədbirlər keçirəcəyik. Gənclərin yaradıcılıq imkanlarını üzə çıxarmaq üçün layihə çərçivəsində şeir, mahnı və yazı müsabiqələrinin keçirilməsi də nəzərdə tutulub.
Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Sübhan Talıblı Azərbaycan xalqının keçdiyi yola nəzər salıb. Tarixçi alim deyib ki, ulu öndər Heydər Əliyevin 1993-cü ildə ikinci dəfə hakimiyyəti gəlişi ilə Azərbaycan xalqının həyatında yeni mərhələ başlayıb. Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın memarıdır deyən alim Ümummilli Liderin ideyalarını təbliğ etmək üçün bu cür layihələrin reallaşdırılmasına böyük ehtiyac olduğunu vurğulayıb. Qeyd edilib ki, yeniyetmə və gənclərimiz tariximizi dərindən öyrənsələr, azərbaycanlı olduqları ilə həqiqətən də fəxr edəcəklər.
Tədbirdə, həmçinin Qazax rayon Xanlıqlar kənd bələdiyyəsinin sədri Asya Alhüseynova, gənc şair Taleh Mənsur, “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi gənclər mərkəzinin sədri Elnur Camalov və başqaları çıxış edərək, mövzu ilə bağlı öz fikirlərini bölüşüblər.