MƏDƏNİYYƏT
“Mən və incə sənət” adlı maarifləndirici layihə çərçivəsində növbəti görüş
Bakı, 2 iyun, AZƏRTAC
İyunun 2-də Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində “Mən və incə sənət” adlı maarifləndirici layihə çərçivəsində növbəti görüş təşkil olunub.
AZƏRTAC xəbər verir ki, “Bəngü-Badədən görünən tarix” və ya “Bir miniatürün izi ilə” mövzusuna həsr olunmuş ustad dərsi tədqiqatçı, “Bəngü-Badədən görünən tarix” adlı kitabın müəllifi Mirzə Talıbovun iştirakı ilə keçirilib.
Tədbirdə dahi Azərbaycan şairi Məhəmməd Füzulinin “Bəngü-Badə” alleqorik poemasına XVI əsrdə naməlum Azərbaycan rəssamı tərəfindən çəkilmiş rəsm əsərinin, eləcə də ayrı-ayrı miniatürlərin, kitab illüstrasiyalarının təhlili ətrafında, o cümlədən Azərbaycan miniatür sənətinin təşəkkülü və inkişafı haqqında geniş müzakirələr aparılıb. Bundan başqa kitabda bəhsi keçən, əsərin ana xətti olan Çaldıran döyüşünə həm də tarixi aspektdən nəzər yetirilib. Həmçinin iştirakçıları maraqlandıran suallar ekspert tərəfindən ətraflı şəkildə cavablandırılıb.
Qeyd edək ki, ustad dərsinin auditoriyası M.Füzuli adına Əlyazmalar İnstitutunun, N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun, A.Bakıxanov adına Tarix İnstitutunun tədqiqatçılarından, eləcə də muzey əməkdaşlarından və media nümayəndələrindən ibarət olub.