MƏDƏNİYYƏT
Mərkəzi İncəsənət Məktəbində konsert - “Fikrət Əmirov adlı musiqi bulağı”
Bakı, 16 noyabr, AZƏRTAC
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində görkəmli bəstəkar Fikrət Əmirovun 100 illiyi münasibətilə “Fikrət Əmirov adlı musiqi bulağı” başlığı altında rəngarəng konsert proqramı təşkil olunub.
AZƏRTAC xəbər verir ki, məktəbin nəzəriyyə ixtisası üzrə müəllimi, musiqişünas Nərgiz Kərimova Fikrət Əmirovun həyat və yaradıcılığından danışıb.
Konsert boyunca, eyni zamanda, Fikrət Əmirovla bağlı hazırlanmış videoslaydlar nümayiş etdirilib.
Tədbirin fəxri qonaqları olan bəstəkarın qızı Sevil Əmirova həyat yoldaşı ilə birlikdə konsert proqramından aldıqları gözəl təəssüratlarını tamaşaçılarla bölüşüblər və tədbirlə bağlı Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin yaradıcı heyətinə öz təşəkkürlərini bildiriblər.
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin direktoru, Əməkdar artist Əziz Qarayusifli tədbirin təşkilatçısına və iştirakçılara öz təşəkkürünü bildirib.
Konsert proqramında səsləndirilən “Reyhan“ mahnısı, “Kor ərəbin mahnısı”, “Sevgi rəqsi”, “Sevilin ariyası”, “1001 gecə” baletindən fraqmentlər, “Azərbaycan elləri”, “Laylay”, “Xatirə”, “Baharımsan” kimi əsrarəngiz əsərlər tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.