ELM VƏ TƏHSİL
Mərkəzi Nəbatat Bağının Elmi şurasının iclası keçirilib
Bakı, 6 aprel, AZƏRTAC
Mərkəzi Nəbatat Bağında Elmi şuranın növbəti iclası keçirilib.
Bu barədə AZƏRTAC-a Mərkəzi Nəbatat Bağından məlumat verilib.
Bağın direktoru Natiq Allahverdiyev bildirib ki, iclasda bitkilərin pasportlaşdırılması, ağaclarda mövcud olan xəstəliklərin müəyyələşdirilməsi və aradan qaldırılması, zərərvericilərə qarşı mübarizə məsələsi, Biokimya laboratoriyasının yaradılması haqqında təkliflər müzakirəyə çıxarılıb.
Mərkəzi Nəbatat Bağının Qida və dərman bitkiləri laboratoriyasının müdiri Yusif Zeynalov və aparıcı elmi işçisi dosent Çingiz Əliyevin Türkiyədə Qaziantep Böyükşəhər Bələdiyyəsi Botanika Bağı və Qaziantep Universitetinin birgə təşkilatçılığı ilə keçirilmiş III Beynəlxalq Botanika Bağları Simpoziumunda iştirak etdiklərinə dair hesabatı dinlənilib.
Elmi şuranın iclasında ağaclarda mövcud olan xəstəliklərin müəyyələşdirilməsi və aradan qaldırılmasının, zərərvericilərə qarşı mübarizənin dövlət səviyyəsində vacib məsələlərdən biri olduğu bildirilib. Bu istiqamətdə lazımi tədbirlərin görülməsinin, bitki xəstəlikləri ilə bağlı ixtisaslaşdırılmış mütəxəssislərin cəlb edilməsinin önəmi vurğulanıb.
Direktor Natiq Allahverdiyev Mərkəzi Nəbatat Bağında Biokimya laboratoriyasının yaradılmasının əsas prioritet istiqamətlərdən biri olduğunu deyib. Diqqətə çatdırıb ki, yaradılması planlaşdırılan laboratoriya təbiətin inkişafı, bitkilərin xəstəliklərinin formalaşması üçün stimulverici elm mənbəyi olacaq.