DÜNYA
Məşhur britaniyalı musiqiçi Pol Makkartni uşaqlar üçün kitab yazıb
Bakı, 29 sentyabr, AZƏRTAC
Britaniyalı musiqiçi və “The Beatles” rok-qrupunun yaradıcılarından biri Pol Makkartni uşaqlar üçün “Hey Grandude” adlı kitab yazıb.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, şəkilləri uşaq rəssamı Ketrin Derst tərəfindən çəkilən kitabda Grandude adlı qoca sehrbazın və 4 nəvəsinin macəralarından bəhs olunur.
Makkartni kitabın adını öz həyatından bir səhnə ilə izah edir. Belə ki, onun 8 nəvəsindən biri ingilis dilində “Ey, baba dostum!” mənasını verən "Hey Grandude" ifadəsi ilə musiqiçinin diqqətini cəlb etməyə çalışıb.
ITV telekanalının efirində kitabını anons edən musiqiçi onun 2019-cu ilin sentyabr ayında çapdan çıxacağını bildirib.
“The Beatles” rok-qrupunun sabiq bas-gitaraçısı uşaq kitabları janrında müəyyən təcrübəyə malikdir. O, 2005-ci ildə ingiltərəli uşaq yazıçısı Filip Ardo ilə birgə “Yüksək buludlarda: şəhərli tüklü şələquyruq” kitabını dərc edib. Həmin kitabın illüstrasiyalarını amerikalı multiplikator rəssamı Ceff Danbar çəkib.