REGİONLAR
Məsim Məmmədov: “Gilabi Ceramics” Yaradıcılıq Mərkəzi həm də məktəb kimi mühüm rol oynayacaq

Laçın, 28 dekabr, A.Yavərzadə, AZƏRTAC
Laçın “Gilabi Ceramics” Yaradıcılıq Mərkəzi gələcəkdə həm də məktəb kimi mühüm rol oynayacaq.
Bunu AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Laçında “Gilabi Ceramics” Yaradıcılıq Mərkəzinin açılış mərasimində Prezidentin Laçın rayonu üzrə xüsusi nümayəndəsi Məsim Məmmədov söyləyib. O bildirib ki, mərkəzə dəvət olunan yerli kadrlar şəhər sakinlərinə keramika sahəsində biliklər öyrədəcək.
“Bu mərkəz turizm potensialı olan region üçün önəmlidir. Məşğulluq baxımından da çox vacibdir. Bura yaradıcılıq mərkəzi olmaqla yanaşı, satış da təşkil ediləcək. Rəssamlıqla bağlı ideyalarımız var. Laçın rəssamlıq məktəbidir. Ətraf gözəl təbiətlə əhatə olunub. Bunları yeniyetmələrə öyrətmək lazımdır. Bu məktəb yaradıldıqdan sonra gənclərimizin adlarını daha yaxşı yerlərdən eşidəcəyik”, - deyə Məsim Məmmədov əlavə edib.