MƏDƏNİYYƏT
Milli Azərbaycan Ədəbiyyatı Muzeyi ilə tanışlıq əcnəbi gənclərdə xoş təəssürat yaratmışdır
Bakı, 8 iyul (AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinə gələn qonaqların sayı çoxalmaqdadır. Azərbaycanın gündən-günə yeni sürət alan inkişafı, dövlətimizin dünya miqyasında ən müxtəlif sahələrdə əldə etdiyi uğurlar həm xalqımıza, həm də bütövlükdə ölkəmizə olan marağı durmadan artırmaqdadır.
Muzeydən AZƏRTAC-a bildirmişlər ki, Azərbaycan Respublikasının Xarici İşlər, Gənclər və İdman nazirliklərinin birgə gerçəkləşdirdikləri yeni layihə də məhz həmin təmayüllə bağlıdır.
“Mən Azərbaycanı necə tanıyıram? ” mövzusunda layihə Meksika, Argentina, Braziliya, Estoniya, Vyetnam, Belçika, Kanada, Cənubi Afrika Respublikasında gənclər arasında keçirilən inşa müsabiqəsindən ibarətdir. Bir neçə ay davam etmiş müsabiqənin qalibləri müvafiq ölkələrdəki səfirliklərimizin təşkil etdikləri münsiflər heyətləri tərəfindən müəyyənləşdirmişdir.
Müsabiqənin keçirildiyi ölkələrdən olan və Azərbaycan haqqında ən yaxşı inşa yazıların müəllifləri kimi qiymətləndirilmiş 110 nəfər əcnəbi gənc ölkəmizlə daha yaxından tanış olmaq üçün respublikamıza dəvət edilmişdir. Xalqımıza və yurdumuza böyük rəğbət bəsləyən xarici qonaqlar üçün Qobustana, Atəşgaha, Azərbaycanın müxtəlif rayonlarına maraqlı ekskursiyalar təşkil edilmişdir.
AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyini ziyarət edən gənclərin təəssüratları daha zəngin və yaddaqalan olmuşdur. Əcnəbi tələbələr öz təəssüratlarını muzeyin rəy və xatirələr kitabında qeyd etmişlər.
Muzeylə tanışlıq zamanı Azərbaycan haqqında bilik və təsəvvürlərinin xeyli artdığını etiraf edən əcnəbi tələbələr gələcəkdə bu elm və mədəniyyət ocağının saytını daim izləyəcəklərini bildirmişlər.
Qonaqlara muzeyin buklet və nəşrlərindən nümunələr hədiyyə edilmişdir.