MİLLİ MƏCLİSDƏ GÖRÜŞ
AZƏRTAC xəbər verir ki, iyunun 17-də Milli Məclisin sədri Oqtay Əsədov Azərbaycan Parlamentinin 90 illik yubileyi ilə əlaqədar tədbirdə iştirak etmək üçün ölkəmizə gəlmiş Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Köksal Toptanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Görüşdən əvvəl nümayəndə heyətinin üzvləri parlamentin iclas salonu və Heydər Əliyev xatirə zalındakı eksponatlarla tanış olmuş, Köksal Toptan fəxri qonaqlar kitabına ürək sözlərini yazmışdır.
Azərbaycan və Türkiyə arasında dostluq və qardaşlıq əlaqələrinin əhəmiyyətini diqqətə çatdıran Milli Məclisin sədri soyumuzun, kökümüzün, dinimizin, dilimizin və amalımızın bir olduğunu söyləmişdir. Ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamını xatırladan O.Əsədov demişdir ki, Azərbaycan ən çətin anlarında Türkiyəni həmişə öz yanında hiss etmiş və dövlət müstəqilliyimizi tanıyan ilk ölkə də məhz Türkiyə olmuşdur.
Ölkələrimiz arasında əlaqələrin inkişafında dövlətlərimizin başçılarının qarşılıqlı səfərlərinin, rəsmi görüşlərin əhəmiyyətini diqqətə çatdıran Milli Məclisin sədri TBMM-in nümayəndə heyətinin respublikamıza səfərinin, ümumən, Azərbaycan-Türkiyə, eləcə də parlamentlərarası əlaqələrimizin inkişafına böyük təkan verəcəyinə əminliyini bildirmişdir.
Ölkələrimiz arasında iqtisadi əməkdaşlığa toxunan sədr bildirmişdir ki, indiyədək türk iş adamları Azərbaycana 2 milyard ABŞ dollarına yaxın investisiya yatırmışlar. Azərbaycan və Türkiyə arasındakı ticarət dövriyyəsi 1 milyard 680 milyon dolları keçmişdir. Belə yüksək göstəricilərə baxmayaraq, əməkdaşlığımızın daha da genişlənməsi üçün böyük potensial vardır.
Regionda həyata keçirilən layihələrin icrasında Azərbaycan və Türkiyənin əməkdaşlığını vurğulayan O.Əsədov Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin buna əyani misal olduğunu söyləmişdir. O, parlamentlərarası əlaqələrdən danışaraq demişdir ki, Milli Məclisdə fəaliyyət göstərən dostluq qrupları arasında üzvlərinin sayına görə ən böyüyü Azərbaycan-Türkiyə dostluq qrupudur. Biz beynəlxalq təşkilatlar çərçivəsində eyni mövqedən çıxış edirik, bir-birimizi dəstəkləyirik və əminəm ki, bundan sonra da belə olacaqdır.
Türkiyə Böyük Millət Məclisinin sədri Köksal Toptan Azərbaycan ilə Türkiyəni bir-birinə bağlayan çoxəsrlik tarixi, mənəvi, mədəni tellərin bu gün daha möhkəm və sarsılmaz olduğunu qeyd etmişdir. Qonaq ölkələrimiz arasında əlaqələrin yüksələn xətlə inkişaf etdiyini, Türkiyənin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, Azərbaycanın ərazi bütövlüyü, beynəlxalq hüquq normaları çərçivəsində həllinə tərəfdar olduğunu diqqətə çatdırmışdır. Bildirmişdir ki, Türkiyə bütün zamanlarda Azərbaycanın yanında olmuş və bundan sonra da olacaqdır.
Köksal Töptan parlamentlərarası əlaqələrin daha da inkişaf etdirilməsinin, beynəlxalq tədbir və forumlarda eyni mövqedən çıxış etməyin vacibliyini vurğulamışdır.
######
