SİYASƏT
Milli Məclisin deputatı AŞPA-nın sosial işlər, sağlamlıq və davamlı inkişaf komitəsinin iclasında iştirak edəcəkdir
Bakı, 7 noyabr (AZƏRTAC). Azərbaycan Respublikası Milli Məclisinin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi sədrinin müavini, parlamentin AŞPA-dakı daimi nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva noyabrın 10-dan 14-dək İsveçrədə səfərdə olacaqdır.
Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, S.Fətəliyeva AŞPA-nın sosial işlər, sağlamlıq və davamlı inkişaf komitəsinin Cenevrə şəhərində keçiriləcək iclasında iştirak edəcəkdir.
Tədbirdə enerji təhlükəsizliyinin davamlı inkişafda rolu, qlobal iqlim dəyişikliyinə dair Kioto protokolunun müzakirəsi, uşaqlara qarşı cinsi zorakılıq, uşaq əməyinin istismarı, onlara qarşı sosial ədalətsizliklə mübarizə metodları, quruma üzv dövlətlərin Dünya Səhiyyə Təşkilatı ilə əlaqələrinin gücləndirilməsi məsələləri barədə fikir mübadiləsi aparılacaqdır.
Sevinc Fətəliyeva müzakirə edilən məsələlərə münasibətini bildirəcəkdir.