CƏMİYYƏT
Milli Qəhrəman Çingiz Mustafayevin doğum günü Qafqaz motofestivalı ilə qeyd olunacaq
![Milli Qəhrəman Çingiz Mustafayevin doğum günü Qafqaz motofestivalı ilə qeyd olunacaq](/files/2014/2/1200x630/14087126143130915319_1200x630.jpg)
Bakı, 22 avqust (AZƏRTAC). Avqustun 29-30-da Şəkidə məşhur telejurnalist, Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin doğum günü münasibətilə ilk Qafqaz motofestivalı (“CAUCASUS” motofestivalı) keçiriləcək.
“CAUCASUS” motofestivalının mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, festivala Azərbaycandan və xaricdən baykerlər qatılacaqlar. Həmçinin məşhur musiqiçilər Bon Jovienin, Michael Caksoun oxşarının, Rolling Stonesin və s. canlı ifaları təqdim olunacaq. Tədbirdə yerli musiqiçilərin də iştirakı planlaşdırılır.
Festival “Baku HOG Azerbaijan”, Şəki Şəhər İcra Hakimiyyəti və Çingiz Mustafayev Fondunun birgə təşkilatçılığı ilə keçirilir.
Festival çərçivəsində avqustun 29-da 21:30-dan 22:30-dək Bon Jovienin, 22:30-dan 23:30-dək Rolling Stonesin, avqustun 30-da saat 21:30-dan 22:30-dək isə Michael Caksonun bənzərinin çıxışları gözlənilir. Bundan əlavə, festival çərçivəsində milli oyunlar, rəqslər nümayiş etdiriləcək və yerli müğənnilərin ifaları səslənəcək.
Tədbirə motobrendlər, motoklublar, motomədəniyyət aləmi ilə maraqlananlar, ümumiyyətlə, maraqlı gün keçirmək istəyən hər kəs qatıla bilər.
Festival bol əyləncə, testdrayv, adrenalin və azadlıq ruhunu hiss etmək istəyən hər kəs üçündür.
Tədbirə giriş pulsuzdur.
Festivalda yarmarkaların da təşkili planlaşdırılır. Yarmarkalarda motobrendlər, moto və digər aksesuarlar, Azərbaycanın mədəniyyətini əks etdirən əşyaların satışı nəzərdə tutulur.
Yarmarkalar üçün xüsusi çadırlar qurulacaq. Həmçinin baykerlərin gecələməsi üçün xüsusi çadır şəhərciyi də təşkil olunacaq.