SİYASƏT
Milli QHT Forumu Rusiyada cinayət törətməkdə təqsirli bilinən Azərbaycan vətəndaşı ilə bağlı bəyanat yaymışdır
Bakı, 18 oktyabr (AZƏRTAC). Azərbaycan Milli QHT Forumu (MQF) Rusiyada cinayət törətməkdə təqsirli bilinən vətəndaşımız Orxan Zeynalovla bağlı bəyanat yaymışdır.
MQF-nin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, bəyanatda Moskva sakini Yeqor Şerbakovun qətlə yetirilməsindən təəssüf hissi keçirildiyi qeyd olunur. Rusiya Federasiyasının hüquq mühafizə orqanlarının qətlin kim tərəfindən törədilməsini obyektiv olaraq araşdıracağına və qatilin öz layiqli cəzasını alacağına əminlik bildirilmişdir.
MQF bu hadisə ilə əlaqədar Moskvada yaşayan Azərbaycan vətəndaşı Orxan Zeynalovun təqsirli bilinərək həbs olunması ilə bağlı Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun bəyanatını dəstəklədiyini diqqətə çatdırmışdır.
Bəyanatda dünyada hər gün şəxsi zəmində bu cür cinayət hadisələrinin baş verdiyi və bunu ayrı-ayrı millətlərə qarşı çevirməyin, ayrı-seçkilik yaratmağın, günahı sübut olunmadan bir insanı təhqir etməyin yolverilməz olduğu bildirilmişdir. Qeyd edilmişdir ki, milliyyətindən asılı olmayaraq hər hansı bir şəxs cinayət törətməkdə şübhəli bilinirsə, həmin şəxsin təqsiri qanunun tələblərinə uyğun olaraq sübuta yetirilməlidir və cəzasını lazımi şəkildə çəkməlidir.
Milli QHT Forumu Rusiyada yaşayan həmvətənlərimizi təmkinli olmağa, hər hansı təxribat xarakterli hadisələrdə iştirak etməməyə çağırmışdır.