REGİONLAR
Mingəçevir Dövlət Universitetində keçirilən Elmi Şurada qarşıda duran məsələlər müzakirə edilib
![](/files/galleryphoto/2020/2/1200x630/1588669514394041760_1200x630.jpg)
![](/files/galleryphoto/2020/2/1200x630/15886695144284617575_1200x630.jpg)
![](/files/galleryphoto/2020/2/1200x630/15886695142692859035_1200x630.jpg)
Mingəçevir, 5 may, Rauf Hacıyev, AZƏRTAC
Mingəçevir Dövlət Universiteti (MDU) Elmi Şurasının növbəti iclası keçirilib.
Universitetin Mətbuat və ictimaiyyətlə əlaqələr xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, “Microsoft Teams” platforması üzərindən online formatda keçirilən iclası açan MDU-nun rektoru Şahin Bayramov gündəlikdə duran məsələləri diqqətə çatdırıb.
Sonra qlobal pandemiya ilə mübarizə sahəsində ölkəmizdə həyata keçirilən sistemli tədbirlər və Prezident İlham Əliyev tərəfindən atılan qətiyyətli addımlar barədə ətraflı məlumat verilib. Bildirilib ki, COVID-19 infeksiyası ilə mübarizədə ölkəmizdə tətbiq edilən model beynəlxalq ictimaiyyət və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən yüksək qiymətləndirilir. Məhz düşünülmüş siyasətin məntiqi nəticəsi olaraq son həftələrdə ölkəmizdə virusa yoluxma sahəsində pozitiv tendensiya müşahidə edilir.
Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması və həmin rejimlə əlaqədar tətbiq edilən bəzi məhdudiyyətlərin aradan qaldırılması barədə” 2020-ci il 1 may tarixli Qərarının detalları barədə danışan Ş.Bayramov ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin mayın 31-dək uzadıldığını da diqqətə çatdırıb. Rektor Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin dayandırılması barədə” eyni tarixli Sərəncamı barədə də məlumat verib. Mingəçevir şəhərində xüsusi karantin rejiminin yumşaldılmasına da toxunan Ş.Bayramov MDU-da onlayn (“Microsoft Teams” və “ZOOM” platformaları üzərindən) və oflayn (videodərslər vasitəsilə) dərslərin davam etdirilməsi istiqamətində həyata keçirilməli olan tədbirlər barədə danışıb.
Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzinin 2020-ci il 1 may tarixli birgə məlumatı da diqqətə çatdırılıb və yaxın günlərdə Təhsil Nazirliyi tərəfindən ali təhsil müəssisələrində yay imtahan sessiyalarının təşkili haqqında konkret təlimatın veriləcəyi bildirilib.
Sonra iclasda 2019-2020-ci tədris ilində dövlət imtahanlarına və magistr dissertasiyalarının müdafiəsinə hazırlığın vəziyyəti, qiyabi şöbədə yaz semestrinə hazırlığın vəziyyəti və MDU-da kommunikasiyanın təşkili barədə məlumatlar dinlənilib. Müzakirə olunan məsələlərlə bağlı fakültə dekanlarına, kafedra müdirlərinə və Tədris şöbəsinə müvafiq tapşırıqlar verilib.
Cari məsələlərlə bağlı - təhsil haqqı, akademik borcların ləğvi, onlayn tədris prosesinin keyfiyyət monitorinqinin gücləndirilməsi, kafedralarda həyata keçirilən elmi tədqiqat fəaliyyətinin əlaqələndirilməsi və digər mövzularda müzakirələr aparılıb.