Mingəçevirdə xiyabanlar yenidən qurulur, 30-a yaxın küçə asfaltlanır
Mingəçevir, 26 noyabr, Vüsalə Cənnətova, AZƏRTAC
Mingəçevirin Heydər Əliyev prospektindəki iki xiyabanda, 20 Yanvar və Puşkin küçələrindəki xiyabanlarda yenidənqurma işlərinə başlanılıb.
Şəhər icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, layihənin icrasını Mingəçevir şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi, Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinin, həmçinin İşıqlanma İdarəsinin kollektivi həyata keçirir. Bioloji ömrünü başa vurmuş ağaclar budanır, daş döşəmələr, səkilər bərpa olunur. Yeni yaşıllıq zolaqları yaradılır, mövsümi gül kolları əkilir. Həmçinin fəvvarələr quraşdırılır, uşaqlar üçün əyləncə meydançası yaradılır, attraksionlar, söhbətgah və müasir oturacaqlar yerləşdirilir, işıqlandırmaq sistemi bərpa olunur.
Bundan başqa, Mingəçevirdə 27 küçəyə yeni asfalt örtüyü salınır. Şəhərdə 6 nümunəvi məhəllənin salınması üçün işlərə də başlanılıb.
Şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi tərəfindən, ümumilikdə, 31 çoxmənzilli yaşayış binasında təmir işləri aparılır.