CƏMİYYƏT
“MİNSK-İSTANBUL” AVİAREYSİNİN SƏRNİŞİNİNDƏN QAÇAQ MAL MÜSADİRƏ EDİLMİŞDİR
Minsk, 20 fevral (AZƏRTAC). BELTA xəbər verir ki, “Minsk-2” gömrük xidmətinin əməkdaşları “Minsk-İstanbul” aviareysi ilə uçacaq sərnişinlərin birində qədim sikkə aşkar etmişlər.
Belarus vətəndaşı “qırmızı kanaldan” istifadə edərək, gömrük deklarasiyasında yalnız əcnəbi valyutanın aparıldığını bildirmişdi. Lakin şəxsi əşyaların yoxlanması və gömrük nəzarəti əməliyyatlarının keçirilməsi zamanı iki numizmatika əşyası - çar Rusiyasının 1899-cu ilə aid 10-luq qızıl sikkələri aşkar olunmuşdur.
Sikkələr müsadirə edilmiş, onların tarixi və mədəni dəyərinin müəyyənləşdirilməsi üçün ekspertizaya verilmişdir. Faktla bağlı inzibati proses aparılır.
Qanunvericiliyə uyğun olaraq tarixi və mədəni dəyəri olan əşyalar yalnız Mədəniyyət Nazirliyinin müvafiq icazəsi əsasında ölkədən çıxarıla bilər. Sikkələrə gəldikdə isə, onlara 1960-cı ilədək yaradılmış numizmatika əşyalarına aiddir.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk