İQTİSADİYYAT
Mirzə Əliyev: Məqsədimiz subsidiyaların verilməsində şəffaflığın təminidir
![Mirzə Əliyev: Məqsədimiz subsidiyaların verilməsində şəffaflığın təminidir](/files/2019/2/1200x630/1565091432526833799_1200x630.jpg)
Bakı, 6 avqust, AZƏRTAC
Bu gündən etibarən kənd təsərrüfatı subsidiyalarının verilməsində dəyişikliklərlə bağlı fermerlərin tam şəkildə məlumatlandırılması, onlara yeni qaydaların aşılanması məqsədilə təlimlərə başlanılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə müsahibəsində Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev deyib.
Onun sözlərinə görə, təlimlər ilkin mərhələdə Dövlət Aqrar İnkişaf Mərkəzlərinin əməkdaşları üçün keçirilir. Prosesə bu sahəni yaxşı bilən mütəxəssislər cəlb ediliblər. “Daha sonra sözügedən əməkdaşların dəstəyilə regionlarda fəaliyyət göstərən DAİM-nin könüllüləri vasitəsilə bu şəbəkə genişləndiriləcək. Onlar da, eyni zamanda bələdiyyələr, yerli icra hakimiyyəti qurumlarının nümayəndələrinə və fermerlərə bu təlimləri keçəcək, gələcəkdə subsidiyaların hansı şərt və qaydalarla veriləcəyi ilə bağlı məlumatlandıracaqlar. Ümumilikdə isə əsas məqsəd subsidiyaların verilməsində şəffaflığın və fermerlərə əlçatanlığın təminidir”, - deyə M.Əliyev vurğulayıb.