SİYASƏT
Misir və Azərbaycan birgə poçt markası buraxmışdır
Bakı, 27 dekabr (AZƏRTAC). Azərbaycanın Misirdəki səfirliyinin təşəbbüsü ilə hər iki ölkənin Rabitə və İnformasiya Texnologiyaları nazirlikləri tərəfindən birgə poçt markası buraxılmışdır.
Səfirlikdən AZƏRTAC-a bildirmişlər ki, diplomatik əlaqələrin qurulmasının 20 illiyini rəmzləşdirmək məqsədi daşıyan poçt markasının buraxılması, cari ilin noyabr ayında Azərbaycana səfəri zamanı Misirin Rabitə və İnformasiya Texnologiyaları naziri Həni Mahmud və onun azərbaycanlı həmkarı Əli Abbasov tərəfindən razılaşdırılmışdır.
İki ölkə arasındakı diplomatik əlaqələrin 20 illik dövrü əhatə etməsinə baxmayaraq, xalqlarımız arasındakı əlaqələrin dərin tarixi köklərə malik olduğunu bir daha nümayiş etdirmək üçün birgə poçt markasında Qız Qalası, İçəri şəhər, Misir Ehramları, Sfinks, Qobustan qaya təsvirləri və Misir heroqliflərinin şəkil elementləri öz əksini tapmışdır.
Birgə poçt markası hər iki dövlətin poçt rabitə xidmətində rəsmi dövriyyə statusuna malikdir.