Misirdə keçirilən beynəlxalq konfransda Azərbaycan haqqında məlumat verilib
Qahirə, 3 aprel, AZƏRTAC
Misirin Ayn-Şəms Universitetində keçirilən “Misirdə Şərq araşdırmalarının yaranması və inkişafı” mövzusunda beynəlxalq konfransda AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru professor İmamverdi Həmidov və “Vətənpərvər” - Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı alim Seymur Nəsirov da iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, konfransda çıxış edən S.Nəsirov Azərbaycanla Misir arasında tarixi əlaqələr barədə danışıb, ölkəmizin elm və ədəbiyyat diyarı olduğunu qeyd edib. O, tarixən Misirin inkişafında mühüm rol oynamış əslən azərbaycanlı şəxslərdən də söhbət açıb. Bu gün Misirin müxtəlif universitetlərində diasporumuz tərəfindən 600-dən çox tələbəyə Azərbaycan dilinin tədris edildiyi diqqətə çatdırılıb. Alim Misirdə Azərbaycan dili və ədəbiyyatının daha da dərindən öyrənilməsini təklif edib və bu təklif konfransın yekun tövsiyələrinə daxil edilib.
Konfrans çərçivəsində iştirakçılarla bir sıra görüşlər keçirilərək Azərbaycan həqiqətləri barədə məlumat verilib.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə