DÜNYA
Misirin hakimiyyət orqanları Tutanxamon məqbərəsindəki xəzinələri Giza muzeyinə göndərəcəklər
Qahirə, 6 avqust (AZƏRTAC). Misirin hakimiyyət orqanları Tutanxamon məqbərəsindəki xəzinələri artıq inqilabi məkana çevrilmiş Təhrir meydanında yerləşən Qahirə muzeyindən Giza piramidalarının yaxınlığında tikilməkdə olan Böyük Misir Muzeyinə aparmaq qərarına gəlmişlər.
Qədim abidələr naziri Məhəmməd İbrahim bildirmişdir ki, arxeoloqların Tutanxamon məqbərəsində aşkar etdikləri əşyalar kolleksiyası bütünlüklə yeni muzeyə daşınacaqdır. Məhəmməd İbrahim demişdir: “Yeni muzeyə gələnlər burada bütün kolleksiyaya tamaşa etmək imkanı qazanacaqlar”.
Yerli KİV-lərin verdiyi məlumata görə, firon Tutanxamonun qızıl naxışlı əsaları artıq təzə məkana çatdırılmışdır. Əfsanəvi fironun məqbərəsində aşkar edilmiş və indiyə qədər Böyük Misir Muzeyində saxlanılan beş minə yaxın əşyanın Gizaya aparılması nəzərdə tutulur. 2015-ci ilin avqust ayında Giza muzeyi öz qapılarını müsafirlərin üzünə açacaqdır. Yeni muzey kompleksinin sahəsi 480 min kvadratmetr olacaqdır.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə