Mixail Qusman: WUF13-də bütün ölkələrin nümayəndələrinin iştirakı urbanizasiyanın qlobal xarakter daşıdığını göstərir
Bakı, 17 may, AZƏRTAC
Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) keçirilməsi Azərbaycanın, paytaxt Bakının və ölkə rəhbərliyinin yüksək beynəlxalq nüfuzunun bariz göstəricisidir.
Bu fikirləri AZƏRTAC-a açıqlaması zamanı tanınmış jurnalist Mixail Qusman söyləyib.
Onun sözlərinə görə, Azərbaycanın ərazilərin bərpası və inkişafı sahəsində qazandığı təcrübə beynəlxalq ictimaiyyət üçün xüsusi əhəmiyyət daşıyır.
“Bu təcrübə xüsusilə son illərdə - Azərbaycanın 44 günlük Vətən müharibəsində Qələbəsindən sonra azad edilmiş ərazilərin bərpasına böyük diqqət ayırdığı dövrdə özünü daha qabarıq şəkildə göstərib. Forumda BMT-yə üzv olan demək olar ki, bütün ölkələrin nümayəndələrinin iştirakı urbanizasiya və şəhər mühitinin inkişafı məsələlərinin qlobal xarakter daşıdığını göstərir. Hər bir ölkənin bu sahədə öz problemləri var. Təcrübə mübadiləsi aparmaq, insanların həyatını necə daha yaxşı etmək barədə müzakirələr isə əslində bəşəriyyətin və Birləşmiş Millətlər Təşkilatının ümumi vəzifəsidir”, — deyə M.Qusman vurğulayıb.
Mixail Qusman Prezident İlham Əliyevin UN-Habitat-ın icraçı direktoru Anaklaudiya Rossbax ilə görüşünü və Azərbaycanla BMT arasında sazişin imzalanmasının əhəmiyyətini də qeyd edib: “Bu, Azərbaycanın mövqeyinin BMT üçün nə qədər vacib olduğunu göstərir. Azərbaycanın bu sahədə rolu və yeri olduqca böyükdür. Forum işə yeni başlasa da, artıq böyük beynəlxalq maraq doğurub. Biz Prezident İlham Əliyevin çıxışını səbirsizliklə gözləyirik. Hesab edirəm ki, həmin çıxış strateji istiqamətləri müəyyənləşdirəcək və Azərbaycan dünya ictimaiyyəti ilə bu sahədə işin necə təkmilləşdirilməsi barədə baxışlarını bölüşəcək”.