CƏMİYYƏT
Monrealdakı icmamız Kanada rəsmilərinin diqqətini Ermənistanın müharibə cinayətlərinə yönəldib
![](/files/galleryphoto/2022/3/1200x630/16667015643563761801_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/16667015645373013195_1200x630.jpg)
Bakı, 25 oktyabr, AZƏRTAC
Kanadanın Monreal şəhərində yaşayan Azərbaycan icması İkinci Qarabağ müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin bombardman etdiyi Azərbaycan şəhərləri ilə bağlı Kanada hökumətinə və parlamentinə müraciət edib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Monreal Kanada-Azərbaycan Cəmiyyətinin sədri Rəna Müslümovanın adından Kanadanın xarici işlər naziri Melani Coliyə, kanadalı parlamentarlara və beynəlxalq təşkilatların Kanadadakı nümayəndəliklərinə ünvanlanan müraciətdə 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Ermənistan silahlı qüvvələrinin Azərbaycan şəhərlərinə raket hücumları nəticəsində həlak olanların xatirəsinin Azərbaycan icması tərəfindən ehtiramla yad olunduğu qeyd edilib. Ermənistanın həmin müddət ərzində törətdiyi hərbi təcavüz nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla 93 mülki şəxsin həlak olduğuna, 454 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri aldığına, mülki infrastruktura ciddi ziyan dəydiyinə diqqət cəlb edilib.
Azərbaycan əsilli kanadalıların insanlığa və sülhə qarşı törədilmiş bu cinayətləri hiddətlə pislədikləri, beynəlxalq təşkilatların bu qanlı cinayətlərin törədilməsinə susmasının qəbuledilməz olduğu, diaspor təşkilatlarının çoxsaylı müraciətlərinə baxmayaraq, müharibə canilərinin indiyədək ədalət məhkəməsi qarşısına çıxarılması istiqamətində əməli addım atılmamasından dərin təəssüf hissi keçirdikləri bir daha nəzərə çatdırılıb.
Cəmiyyət sədri Kanada rəsmilərini və beynəlxalq təşkilatları bu dəhşətli hadisələrə adekvat reaksiya verməyə, Ermənistanda müharibə cinayətlərinə cavabdehlik daşıyanların məsuliyyətə cəlb olunması istiqamətində dərhal tədbirlər görməyə çağırıb.