İQTİSADİYYAT
Moody`s beynəlxalq reytinq agentliyi ARDNŞ-nin avroistiqrazlarının debüt buraxılışına ilkin reytinq vermişdir
Bakı, 27 yanvar (AZƏRTAC). Yanvarın 27-də Moody`s İnvestors Service beynəlxalq reytinq agentliyi Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) avroistiqrazlarının qarşıdakı debüt buraxılışına ilkin olaraq (P) Ba1 reytinqini vermişdir.
AZƏRTAC Moody`s agentliyinin rəsmi saytına istinadən xəbər verir ki, reytinq üzrə proqnoz - “Sabit”, bütövlükdə Azərbaycan üzrə - “Müsbətdir”. Moody`s 500 milyon ABŞ dollarınadək məbləğdə ARDNŞ-nin avroistiqrazlarının buraxılacağını gözləyir və onun fikrincə, avrobondların ödəniş müddəti 5-7 ildən çox olmayacaqdır.
Agentliyin proqnozuna görə, ARDNŞ avroistiqrazların yerləşdirilməsindən əldə edilən gəlirlərdən öz fəaliyyətinin qismən maliyyələşdirilməsi, o cümlədən kapital xərclərinin maliyyələşdirilməsi üçün istifadə edəcəkdir.
Ümumi təhlildən və müvafiq sənədlər toplandıqdan sonra Moody`s avroistiqrazların buraxılışının qəti reytinqini təyin edəcəkdir. Struktur qeyd edir ki, son reytinq ilkin reytinqdən fərqlənə bilər.
Agentliyin ekspertləri qeyd edirlər ki, ARDNŞ Azərbaycanın milli enerji şirkətidir və o, bütövlükdə dövlətə məxsusdur. ARDNŞ tamamilə inteqrasiya etmiş neft-qaz şirkətidir. Neft, qaz kəmərləri, daxili bazarlar və ixracat bazarlarında onun payı vardır və ya onların üzərində tam nəzarətə malikdir.
Qeyd edək ki, reytinqlər, həmçinin Rusiya şirkətləri və beynəlxalq şirkətlərlə müqayisə fonunda şirkətin kredit qabiliyyəti üzrə adekvat göstəriciləri də əks etdirir.