DÜNYA
Moskva metrosunda qatarın qəzaya uğraması nəticəsində 23 adam həlak olub
Bakı, 16 iyul (AZƏRTAC). Moskva metrosunda qatarın qəzaya uğraması nəticəsində 23 nəfər həlak olub.
AZƏRTAC İTAR-TASS agentliyinə istinadla xəbər verir ki, daha bir zərərçəkən bu gün xəstəxanada dünyasını dəyişib. RF Səhiyyə Nazirliyinin məlumatına görə, qəzadan sonra xəstəxanaya çatdırılan 50-dən çox adamın vəziyyəti ağırdır. Qəza nəticəsində cəmi 217 adam zərər çəkib.
Metroda qəzaya yolayrıcısının nasazlığının səbəb olması barədə versiya təsdiqlənir. Bunu Moskva meri Sergey Sobyanin bəyan edib. Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Vladimir Markin metro qəzasında iki şübhəlinin - yol xidməti ustası Valeri Başkatovun və yol xidməti ustasının köməkçisi Yuri Qordovun saxlanılmasını açıqlayıb. İstintaqın fikrincə, qəzaya, ehtimal ki, yolayrıcı mexanizminin əvəzlənməsi işlərinin keyfiyyətsiz aparılması səbəb olub. Markin deyib: “Bu işlərə və onların icrasına nəzarətə bilavasitə Başkatov və Qordov cavabdehdirlər. İşlər başdansovdu aparılıb: yolayrıcı mexanizminin bərkidildiyi adi üç millimetrlik məftil qırılıb. Nəticədə elektroqatar relsdən çıxıb”.
Bu gün Moskvada matəm elan edilib. Moskva sakinləri qatar qəzasının baş verdiyi metronun “Slavyanski bulvar” və “Park Pobedı” stansiyalarına bütün günü çiçəklər aparırlar.