CƏMİYYƏT
Moskvada Azərbaycanlı Qadınlar Birliyinin yaradılması təklif olunub
![Moskvada Azərbaycanlı Qadınlar Birliyinin yaradılması təklif olunub](/files/2022/3/1200x630/16667046516144245947_1200x630.jpg)
Moskva, 25 oktyabr, AZƏRTAC
Rusiya paytaxtında “Moskva azərbaycanlıları milli-mədəni muxtariyyəti” Regional İctimai Təşkilatının nəzdində Azərbaycanlı Qadınlar Birliyinin yaradılması təklif olunub.
AZƏRTAC xəbər verir ki, təşkilatın ofisində keçirilmiş görüşdə Rusiya paytaxtında yaşayan azərbaycanlı qadın fəallar iştirak ediblər.
Moskva azərbaycanlıları diaspor təşkilatının rəhbəri Bəxtiyar Həsənov müxtəlif sahələrdə uğurlu fəaliyyət göstərən, eləcə də diaspor həyatında fəal iştirak edən qadınlara təşəkkürünü bildirib. Sədrlik etdiyi təşkilatın ümumilikdə azərbaycanlıların həmrəyliyi istiqamətində konsepsiyasından və həmin konsepsiyanın məramlarının reallaşması məqsədilə aparılan işlərdən ətraflı məlumat verən Bəxtiyar Həsənov qadınlarımızın da bu sahədəki böyük potensialını, onların quruculuq rolunu xüsusi vurğulayıb.
Tədbirdə çıxış edən fəal qadınlar Azərbaycan dilinin, mədəniyyətinin, adət-ənənələrinin təbliği istiqamətində konkret tədbirlərin həyata keçirilməsi, müxtəlif tədris kurslarının təşkili məsələlərini ətraflı nəzərdən keçiriblər. Qeyd olunub ki, fəal şəkildə reallaşdırıla biləcək bu müştərək fəaliyyət milli bayramlarımızın və irsimizin sərgilənəcəyi fərqli festivalların daha da yüksək səviyyədə keçirilməsi ilə nəticələnəcək.
Bəxtiyar Həsənov rəhbərlik etdiyi təşkilat daxilində özünün ayrıca strukturu, idarə heyəti və fəaliyyət planı olmaqla Qadınlar Birliyinin təsis olunmasını təklif edərək, yeni yaradılacaq quruma hərtərəfli dəstək veriləcəyini vurğulayıb.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva