MƏDƏNİYYƏT
MOSKVADA MƏŞHUR OPERA MÜĞƏNNİSİ FİDAN QASIMOVANIN SOLO KONSERTİ OLMUŞDUR
Moskva, 3 aprel (AZƏRTAC). Martın 2-də Moskva Beynəlxalq Musiqi evində görkəmli Azərbaycan müğənnisi, SSRİ-nin və Azərbaycanın xalq artisti Fidan Qasımovanın solo konserti olmuşdur. Moskva dinləyicilərinə yaxşı tanış olan nadir soprano səsin sahibi romantik “Bahar kantilenası” konsertində Azərbaycan, Qərbi Avropa və rus bəstəkarlarının əsərlərini ifa etmişdir. Sonda barokko dövrünə aid klassik incilər, habelə müasir bəstəkarların əsərləri - A.Falkonyerinin “Gözəl buruq saçlar”, A.Skarlettinin “Mənə əzəb vermə”, C.Kaççininin “Amarillis”, G.Gendelin “Amin Alliluya” və digər əsərlər səslənmişdir. Konsertin ikinci bölməsində F.Qasımova Bellini, Qlinka, Raxmanov və sair bəstəkarların yaradıcılığına müraciət etmişdir.
Klassik vokal primadonnasının repertuarı müxtəlif dövrləri və üslubları təqdim etmək bacarığı ilə seçilir. Konsertin sonunda tamaşaçılara görkəmli bəstəkar Tofiq Quliyevin “Qızıl üzük” və “Əziz dost” mahnıları təqdim olunmuşdur. Dünya şöhrətli opera müğənnisini istedadlı pianoçu Sergey Voronov müşayiət etmişdir. O, dünya klassiklərinin şedevrlərini, habelə gənc istedadlı bəstəkar F.Axund-Qasımovun (F.Qasımovanın oğlu) “Mücrü” əsərini ifa etmişdir.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva