SİYASƏT
MOSKVADA ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN ANADAN OLMASININ 87-Cİ İLDÖNÜMÜ QEYD EDİLMİŞDİR
Moskva, 11 may (AzərtAc). Mayın 10-da Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyinin qonaq evində xalqımızın ümummilli lideri, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr edilmiş təntənəli qəbul təşkil edilmişdir.
Mərasimdə Rusiyanın rəsmi şəxsləri, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin əməkdaşları, Azərbaycanla Dostluq Cəmiyyətinin nümayəndələri, bir sıra ölkələrin səfirləri, ali məktəb rektorları, müharibə veteranları, habelə Azərbaycan diasporunun üzvləri iştirak etmişlər.
Tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin səfirliyin binasındakı barelyefinin qarşısına çiçəklər qoymuşlar.
Səfir Polad Bülbüloğlu Heydər Əliyev şəxsiyyətinin miqyasından, ulu öndərin yorulmaz fəaliyyəti sayəsində beynəlxalq aləmdə layiqli yer tutan suveren Azərbaycan dövlətinin təşəkkül tapmasında və möhkəmlənməsində onun rolundan söz açmışdır.
Diplomat demişdir ki, ümumxalq sevgisindən başqa heç nəyi olmayan böyük siyasi xadim dağılmaq və vətəndaş müharibəsi təhlükəsi qarşısında olan Azərbaycana çox ağır bir dövrdə başçılıq edərək, onu parçalanmaqdan xilas etmişdir. Səfir demişdir: ”Onun başlıca silahı həmişə xalqın sevgisi olmuşdur. Heydər Əliyev müasir Azərbaycanın qeyd-şərtsiz memarıdır. Deyirlər ki, insan xatırlandıqca yaşayır. Xalqımız üçün o, daim yaşayacaqdır”. Səfir ulu öndərin Rusiya-Azərbaycan münasibətlərinin inkişafı və möhkəmlənməsindəki rolundan da danışmışdır.
MDB-nin icraçı katibi Sergey Lebedev, icimai xadim Ramazan Abdulatipov, RF Federasiya Şurasının üzvü Aleksandr Dzasoxov, Konstitusiya Məhkəməsinin sabiq sədri Marat Baqlay və başqaları XX əsrin görkəmli siyasi xadimi barədə xoş xatirələrini bölüşərək bildirmişlər ki, ulu öndər xalqına və ölkəsinə həmişə qəlbən bağlı olmuş, onun təəssübünü çəkmişdir. Heydər Əliyev onların müdrik müəllimi və gözəl insan olmuşdur. Natiqlər xüsusi vurğulamışlar ki, Azərbaycan Prezidenti İlham Əliyev Heydər Əliyevin layiqli siyasi varisidir. Azərbaycanın beynəlxalq aləmdə və ölkə daxilində qazandığı böyük nailiyyətlər, onun dinamik sosial-iqtisadi inkişafı bunu bir daha təsdiqləyir.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva