SİYASƏT
MÜDAFİƏ NAZİRLİYİ MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
23-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev NATO-nun Tərəfdaşlığın əlaqələndirilməsi Qrupunun direktoru general Boleslav İzidorçiki qəbul etmişdir.
Müdafiə naziri qonağı salamlayaraq, bildirmişdir ki, Azərbaycanın NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində əməkdaşlığının əsası 1994-cü ildə qoyulmuşdur. 1996-cı ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev təqdimat sənədlərini NATO-nun Baş Katibinə təqdim etdikdən sonra bu əməkdaşlıq inkişaf etməyə başlamışdır.
Azərbaycan NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramında fəal iştirak edir, Avropanın və dünyanın təhlükəsizlik strukturlarına inteqrasiya olunmağa xüsusi diqqət yetirir.
Səmimi qəbul üçün general-polkovnik S.Əbiyevə minnətdarlıq edən general B.İzidorçik qeyd etmişdir ki, Azərbaycana bu səfərimdən təəssüratım zəngindir.
Mən demək olar ki, keçmiş SSRİ məkanında müstəqillik əldə edən bütün dövlətləri gəzmişəm. Lakin Silahlı Qüvvələr quruculuğunda Azərbaycan əldə edilən tərəqqini heç yerdə görməmişəm. Azərbaycan Silahlı Qüvvələrinin Akademiyasında, təlim tədris mərkəzində, Azərbaycan Ali Hərbi Məktəbində oldum, zabit və kursantlarla söhbət etdim. Müharibə şəraitində işləməyinizə baxmayaraq, deməliyəm ki, bu istiqamətdə gördüyünüz işlərin qiyməti çox yüksəkdir.
Azərbaycan Silahlı Qüvvələrinin “Sülh Naminə Tərəfdaşlıq” proqramında fəal iştirak etdiyini vurğulayan general B.İzidorçik NATO-nun Tərəfdaşlığın əlaqələndirilməsi qrupunun strukturu və fəaliyyəti haqqında müdafiə nazirinə ətraflı məlumat vermişdir.
General-polkovnik S.Əbiyev Cənubi Qafqaz regionunda mövcud olan hərbi-siyasi vəziyyət və Ermənistan-Azərbaycan münaqişəsinin yaranma tarixi haqqında qonağı məlumatlandırmışdır.
O demişdir ki, Azərbaycan öz müstəqilliyi uğrunda mübarizəni Ermənistan tərəfindən zorla cəlb edildiyi işğalçılıq müharibəsi şəraitində aparmışdır. Havadarlarının yardımı ilə Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal etmişdir. Hazırda bu ərazilərdə külli miqdarda nəzarətdən kənar silah və sursat toplanmışdır. 1993-1996-cı illər ərzində bu ərazilərdən dünyanın müxtəlif terror təşkilatlarına 76 milyon dollar məbləğində silah-sursat ötürülmüş, ASALA, PKK və digər terror təşkilatlarının üzvləri burada təlimlər keçmişdir. Bu ərazilərdə narkotik maddələr əkilmiş və buradan narkotik maddələrin daşınması üçün tranzit kimi istifadə edilmişdir.
1994-cü ildən atəşkəs rejiminin əldə edilməsinə baxmayaraq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində real irəliləyiş əldə olunmayıbdır. Çünki terroru dövlət siyasəti səviyyəsində dəstiəkləyən işğalçı Ermənistan bu məsələnin həllində pozucu mövqe tutur. Dünya ictimaiyyəti tələb etməlidir ki, işğalçı Ermənistanın Silahlı Qüvvələri Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılsın.
Buna cavab olaraq general B.İzidorçik demişdir: “Sizinlə razıyam ki, beynəlxalq ictimaiyyət Ermənistan-Azərbaycanı Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinə təsir etməli və bu prosesi sürətləndirməlidir”.
Görüşün sonunda general-polkovnik S.Əbiyev demişdir: “Biz “Sülh Naminə Tərəfdaşlıq” proqramının bütün müddəalarını yerinə yetiririk, hərbi təhsil sistemini demək olar ki, NATO standartlarına yaxınlaşdırmışıq”.