Mükafatlandırılan sənətkarın yeni səhnə hədəfləri
Bakı, 8 may, AZƏRTAC
Prezident mükafatına layiq görülmək mənim üçün çox şərəfli və dəyərlidir. Yaradıcılığımıza verilən yüksək qiymətə görə Prezident İlham Əliyevə sonsuz təşəkkürümü bildirirəm.
Bunu AZƏRTAC-a açıqlamasında Əməkdar artist Şövqi Hüseynov söyləyib.
Yeni layihələrə daha da şövqlə hazırlaşdığını vurğulayan Əməkdar artist deyib: “Bir neçə gün əvvəl Mədəniyyət Nazirliyinin dəstəyi ilə Manisa şəhərində Beynəlxalq Teatr Festivalında iştirak etdik. Tamaşamız festival iştirakçıları tərəfindən böyük maraqla qarşılandığı üçün Giresun şəhərinə də dəvət aldıq. Hazırda Giresun Şəhər Teatrının 29-cu Beynəlxalq Teatr Festivalında iştirak edirik. Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının repertuarındakı Nikolay Qoqolun “Dəlinin qeydləri” əsəri əsasında hazırlanan monotamaşa bu gün festival çərçivəsində təqdim olunacaq. İyunun 22-dən 27-dək isə Azərbaycan Dövlət Akademik Musiqili Teatr olaraq növbəti beynəlxalq teatr festivalına qatılacağıq. Festivalda “Utancaq qız” monotamaşası ilə çıxış edəcəyik. Sentyabrın 13-dən 19-dək Belarusda keçiriləcək “Belaya Vija” Beynəlxalq Teatr Festivalında iştirakımız nəzərdə tutulur. Festivalda Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının repertuarındakı “Kontrabas” tamaşası təqdim olunacaq. Eyni zamanda teatrımızda yeni tamaşalar üzərində məşqlər davam edir. Mövsümün sonunda quruluşçu rejissoru olduğum və baş rollardan biri — Vladimir obrazını ifa etdiyim Samuel Beckettin “Qodo həsrətində” əsərini səhnəyə çıxarmağı planlaşdırıram.