CƏMİYYƏT
Müqəddəs Qurban bayramı qərb bölgəsində də xoş əhval-ruhiyyə ilə qeyd edilmişdir
Gəncə, 18 noyabr (AZƏRTAC). AZƏRTAC xəbər verir ki, Müqəddəs Qurban bayramı respublikamızın qərb bölgəsində də əsl bayram əhval-ruhyyəsi ilə qeyd olunmuşdur. Noyabrın 16-da 40 min nəfərədək gəncəli qurban payı ilə təmin edilmişdir. Aztəminatlı, şəhid və əlil ailələrinə, eləcə də tənha qocalara qurban payları təqdim olunan tədbirdə çıxış edən şəhər rəhbərliyi toplaşanları müqəddəs bayram münasibəti ilə təbrik etmişdir.
Samux rayonunda 105 şəhid ailəsinə, 68 Qarabağ müharibəsi əlilinə, 1.700 nəfərə yaxın qaçqın və köçkün ailəsinə, eləcə də digər aztəminatlı ailələrə qurban payı verilmışdır.
Goranboy sakinləri də müqəddəs bayram münasibətilə 288 şəhid, 123 Qarabağ müharibəsi və 57 Çernobıl əlilinə, 312 tənha və kimsəsizə, eləcə də 19 nəfər hər iki valideynini itirmiş kimsəsiz uşağa qurban payı verilmişdir. Ümumilikdə həmin gün rayonda 1000-dən çox ailəyə 3 tondan çox ət paylanmışdır.
Müqəddəs Qurban bayramı münasibətilə Haftalanda təşkil olunmuş mərasimdə şəhər icra hakimiyyətinin rəhbərləri sakinləri təbrik edərək kəsilən qurbanların qəbul olunmasını arzuladıqdan sonra 21 şəhid ailəsinə, 15 Qarabağ müharibəsi və 12 Çernobıl əlilinə, 47 tənha və kimsəsizə qurban payı verilmişdir. Xəstə və əlillərin qurban payları evlərinə göndərilmişdir.