CƏMİYYƏT
Muxtar Babayev: Azad edilmiş ərazilərdə tullantıların müasir idarəetmə sisteminin qurulması üzərində fəal iş aparılır
Bakı, 27 iyun, AZƏRTAC
İşğaldan azad edilmiş ərazilərdə tullantıların müasir idarəetmə sisteminin qurulması üzərində fəal iş aparılır. Bu, yenidənqurma prosesinin vacib hissəsidir.
AZƏRTAC xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev “Yaşıl dünya naminə həmrəylik: Dayanıqlı gələcək üçün tullantıdan dəyərə” Beynəlxalq Forumunda çıxışı zamanı deyib.
Nazir Qarabağda tullantıların yığılması, çeşidlənməsi və təkrar emalı üçün müasir infrastrukturun yaradılmasının əsas prioritet olduğunu, bu məqsədlə Regional Strategiya hazırlandığını qeyd edib: “İşğal dövründə bina və tikililərin dağıdılması nəticəsində çoxlu tikinti-söküntü tullantıları yaranıb. Həmin tullantıların müasir şəkildə idarə olunması və xammal kimi təkrar istifadəsi vacibdir. Ağdam rayonunda bərpası planlaşdırılan kəndlərdə pilot layihələr həyata keçirilir. Lakin bu ərazilərdə intensiv bərpa-quruculuq işləri aparıldığı üçün özəl sektorun diqqətinin artırılması vacibdir. Bu prosesin başlanmasında UNEP-in (BMT-nin Ətraf Mühit Proqramı) dəstəyini xüsusilə qeyd etmək istərdik".