Muxtar respublikada ailə təsərrüfatlarının inkişaf etdirilməsinə hər cür şərait yaradılır
Babək, 1 aprel, AZƏRTAC
Qəbul edilmiş Dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin uğurla həyata keçirilməsi muxtar respublikada aqrar sektorun çoxsahəli inkişafını təmin etməkdədir. Bu inkişaf bütün sahələrdə olduğu kimi, kənd təsərrüfatında da özünü büruzə verir.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu fikirlər Babək rayonunun Yuxarı Uzunoba kəndində ailə təsərrüfatlarının inkişaf etdirilməsinə dair keçirilən seminar-müşavirədə səsləndirilib.
Tədbirdə Babək Rayon İcra Hakimiyyətinin əməkdaşı Seyid Mirdavud çıxış edərək, rayonda ailə təsərrüfatlarının inkişafına göstərilən dövlət dəstəyinin əhəmiyyətindən danışıb.
Sonra Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı Xaliq Abbasov əkinçiliklə məşğul olan ailə təsərrüfatlarının inkişaf etdirilməsində yaz əkinlərinin əkin atlaslarına uyğun aparılmasından və növbəli əkin sisteminin tətbiqinin əhəmiyyətindən söhbət açıb.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin əməkdaşı Əli Şərifovun “Ailə təsərrüfatlarında istehsal olunan məhsulların, əsasən “Naxçıvan qovurması” istehsalının genişləndirilməsi, kiçikhəcmli taralarda qablaşdırılması və ixracının dəstəklənməsi və təşviqi”, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin əməkdaşı Elnur Mahmudovun “Ailə təsərrüfatlarının inkişaf etdirilərək kiçik sahibkarlıq subyektlərinə çevrilməsi məqsədilə maarifləndirici tədbirlərin genişləndirilməsi” mövzularında çıxışları dinlənilib.
Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin əməkdaşı Oqtay Məmmədov isə ailə təsərrüfatlarına məxsus torpaqlardan səmərəli istifadə olunması yollarından danışıb.
Sonda iştirakçıların sualları cavablandırılıb.