Muxtar respublikada kənd təsərrüfatı məhsulları istehsalı 3 faizdən çox artıb
Naxçıvan, 19 aprel, AZƏRTAC
Muxtar respublikada 2018-ci ilin yanvar-mart aylarında bir il öncəyə nisbətən 3 faiz çox, yəni 27 milyon 510 min 200 manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bu ilin yanvar-mart aylarında muxtar respublikada diri çəkidə 6 min 111 ton ət, 12 min 551 ton süd istehsal olunub. Bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,9 və 2,5 faiz çoxdur.
Muxtar respublikada mal-qaranın cins tərkibinin yaxşılaşdırılması üçün süni mayalanma tədbirlərinin həyata keçirilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 fevral tarixli “Naxçıvan Muxtar Respublikasında heyvandarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamına uyğun olaraq Süni Mayalanma Mərkəzinin yaradılmasına başlanılıb.
Bu ilin ilk rübündə heyvandarlıq təsərrüfatlarında 2047 baş inək, düyə və camış süni yolla mayalandırılıb, əvvəlki dövrdə mayalandırılmış inək, düyə və camışlardan 3056 baş sağlam bala alınıb. 2018-ci il 1 aprel tarixinə muxtar respublikanın bütün təsərrüfat kateqoriyalarında qaramalın sayı 119 min 378 baş, qoyun və keçilərin sayı 741 min 852 baş olub ki, bu da ötən ilin eyni dövründəki göstəriciləri 1,6 və 1,9 faiz üstələyib.
Etibarlı ərzaq təminatı sisteminin yaradılması ixrac potensialını artırıb, 2018-ci ilin ilk rübündə muxtar respublikadan 12 milyon 86 min 600 ABŞ dolları dəyərində kənd təsərrüfatı, o cümlədən meyvə və tərəvəz məhsulları ixrac olunub.