Muxtar respublikada müasir gəncliyin inkişafı üçün əlverişli şərait yaradılıb
Naxçıvan, 2 fevral, AZƏRTAC
Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında da müasir gəncliyin inkişafı üçün əlverişli şərait yaradılıb. Bu gün doğma diyarımızda gənclərin yüksək vəzifələrdə təmsil olunması onlara inamın və qayğının ən bariz nümunəsidir.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu fikirlər Naxçıvan Müəllimlər İnstitutunda 2 fevral - Gənclər Gününə həsr olunmuş “Dövlət gənclər siyasəti” mövzusunda elmi-praktik konfransda səsləndirilib.
Konfransda institutun rektoru, dosent Elbrus İsayev çıxış edərək bildirib ki, əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan uğurlu gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Sonra Yeni Azərbaycan Partiyası (YAP) Naxçıvan Müəllimlər İnstitutu ərazi ilk partiya təşkilatının sədri, pedaqogika və psixologiya kafedrasının baş müəllimi Çapay Quliyev məruzə ilə çıxış edərək Azərbaycanda gənclər siyasətinin uğurlarından söz açıb. Məruzəçi bildirib ki, görülən işlərin sistemli aparılması və gələcəyə planlı şəkildə istiqamətləndirilməsi gəncliyin öz üzərinə düşən məsuliyyəti dərindən dərk etməsinə səbəb olub.
Konfrans institutun Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri, pedaqoji fakültənin III kurs tələbəsi Günel Məmmədovanın “Dövlət gənclər siyasətinin həyata keçirilməsində tələbə-gənclərin fəallığı”, YAP Naxçıvan Müəllimlər İnstitutu Gənclər Birliyinin sədri, Təbiət və incəsənət fakültəsinin III kurs tələbəsi Ruhid İslamlının “Naxçıvan Muxtar Respublikasında gənclərin inkişafına yaradılmış şərait” mövzularında məruzələri ilə davam edib. Məruzələr ətrafında müzakirələrdə tələbə-gənclər xüsusi fəallıq göstəriblər.
Sonda bir qrup gənc tələbəyə mükafatlar təqdim olunub, Gənclər Günü ilə bağlı hazırlanmış videoçarx nümayiş etdirilib.