Muxtar respublikada növbəti əmək yarmarkaları keçiriləcək
Naxçıvan, 6 aprel, AZƏRTAC
Aprelin 13-də muxtar respublikada növbəti əmək yarmarkalarına start veriləcək.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, həmin gün ilk tədbir Sədərək rayonunun Heydərabad qəsəbə mərkəzində təşkil olunacaq. Aprelin 16-da Kəngərli Rayon Mədəniyyət və Turizm Şöbəsinin binasında bu bölgənin işaxtaran sakinlərinə boş iş yerləri təqdim ediləcək. Növbəti gün keçiriləcək əmək yarmarkasının ünvanı Şahbuz şəhər “Araz” kinoteatrının binası olacaq. Culfa rayonunun işaxtaran sakinləri bu dövlət qayğısından aprelin 18-də yararlana biləcəklər. Aprelin 19-da ordubadlılara, 20-də babəklilərə, 23-də isə şərurlulara boş iş yerləri təqdim olunacaq. Naxçıvan şəhərində əmək yarmarkası aprel ayının 24-də Regional Peşə Tədris Mərkəzində keçiriləcək.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq olunmuş və hazırda icrası uğurla davam etdirilən “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsinə, işaxtaranların məşğulluğunun təmin edilməsinə, əmək bazarının tələbinə uyğun peşə hazırlığının təşkilinə imkan verir.
Dövlət proqramında müasir mərhələdə dövlət məşğulluq siyasətinin davam etdirilməsinin əsas məqsədi əhalinin səmərəli məşğulluğunun inkişafına yönəldilən tədbirlərin davamlılığının təmin edilməsi, əmək ehtiyatlarının əmək bazarına uyğun formalaşdırılması, işaxtaranlar üçün özünüməşğulluq imkanlarının artırılması, əmək bazarında tələb və təklifin real vəziyyətinin qiymətləndirilməsi üçün təhlillərin aparılmasıdır. Bu mənada, aktiv məşğulluq tədbirlərindən biri də ənənəvi olaraq hər il keçirilən əmək yarmarkalarıdır. Əmək yarmarkalarında muxtar respublika ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlarda olan boş iş yerləri haqqında məlumatlar əvvəlcədən əldə edilərək məşğulluq mərkəzləri tərəfindən işaxtaranlara təqdim olunur.