Muxtar respublikaya 121 kommunal təyinatlı yeni avtomobil və konteyner gətirilib
Naxçıvan, 3 aprel, AZƏRTAC
Muxtar respublikada kommunal xidmətlərin səviyyəsinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür, yeni texnika və avtomobillər alınıb gətirilir.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Şəhər Sanitar-Təmizlik İdarəsinə 10 iritutumlu konteyner, digər rayonlara isə 50 iritutumlu və 60 kiçiktutumlu konteyner verilib. Əlavə olaraq 1 “Haller” markalı avtomobil Şərur Rayon Kommunal Müəssisələr Kombinatına təqdim olunub.
Bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikasının maliyyə naziri Səbuhi Məmmədov çıxış edərək son illər muxtar respublikada həyata keçirilən tikinti-quruculuq tədbirlərinin həcminin xeyli genişləndirildiyini, yaşayış məntəqələrinin müasirliyə, gözəlliyə qovuşduğunu deyib.
Səbuhi Məmmədov vurğulayıb ki, bu gözəlliyin, abadlığın və səliqə-sahmanın qorunması qarşıda duran başlıca vəzifələrdəndir. Nazir kommunal xidmət müəssisələrinə yeni avtomobil və konteynerlərin təqdim olunmasını da həyata keçirilən tədbirlərin tərkib hissəsi kimi dəyərləndirib, bu sahədə çalışan kollektivlərə işlərində uğurlar arzulayıb.
Babək rayon Nehrəm kənd bələdiyyəsinin sədri Tofiq Abutalıbov qeyd edib ki, bu gün muxtar respublikada digər qurumlar kimi, bələdiyyələrin də fəaliyyəti üçün hər cür şərait yaradılır. O, göstərilən diqqətə, yaradılan şəraitə görə minnətdarlıq edib.