Muzeydə “Dünyanı qoru, gələcəyini qoru!” adlı tədbir təşkil edilib
Bakı, 17 may, AZƏRTAC
Beynəlxalq Muzeylər Şurasının (İCOM) təşəbbüsü ilə 1977-ci ildə təsis olunmuş Beynəlxalq Muzeylər Günü hər il 18 may tarixində dünyada müəyyən bir deviz altında qeyd olunur. Bu il isə Beynəlxalq Muzeylər günü “Muzeylər, dayanıqlılıq və rifah” devizi altında keçirilir.
AZƏRTAC xəbər verir ki, gənc nəsli iqlim dəyişikliyi, biomüxtəlifliyin itirilməsi kimi əhəmiyyətli qlobal problemlərlə bağlı maarifləndirmək və onlara qarşı mübarizəyə təşviq etmək məqsədilə mayın 17-də Leopold və Mstislav Rostropoviçlərin ev-muzeyində “Dünyanı qoru, gələcəyini qoru!” adlı tədbir təşkil edilib.
Əvvəlcə tədbir iştirakçıları muzeyin maraqlı ekspozisiyası ilə tanış olublar.
Muzeyin icraçı rəhbəri Günay Əliyeva çıxış edərək bildirib ki, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin müəyyənləşdirdiyi ekoloji siyasət bu gün öz bəhrəsini verir: “Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə Ulu Öndər Heydər Əliyev ətraf mühitin mühafizəsinə və insanların sağlamlığına təminat yaradan mütərəqqi texnologiyaya malik yeni müəssisələrin tikilməsinə, o cümlədən köhnə texnologiyaların yenisi ilə əvəz olunmasına, yaşıllıqların və parkların salınmasına xüsusi diqqət yetirib. Bunun məntiqi nəticəsi olaraq ölkəmizdə ekoloji şəraitin yaxşılaşdırılması və ətraf mühitin mühafizəsi sahəsində uğurlu nəticələr əldə olunub. Məhz Ümummilli Liderin 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra paytaxt Bakının yaşıllaşdırılmasına, ekoloji tarazlığın bərpasına start verilib. Hazırda Prezident İlham Əliyev tərəfindən bu siyasət uğurla davam etdirilir”.
Sonra ekologiya, zərərli tullantılar, təbiətin müdafiəsi kimi mövzuları əks etdirən məlumat xarakterli animasiya filmləri nümayiş olunub.
“Özüm uşaq inkişaf mərkəzi” şagirdlərinin “Ana təbiət, canlı aləm” adlı mövzuda çəkdikləri rəsmlərdən ibarət sərgiyə baxış keçirilib.
Bədii hissədə 189-190 nömrəli orta məktəbin şagirdinin ifasında “Elegiya” əsəri səsləndirilib.