SİYASƏT
“My Journal Courier”: Türkiyə və Azərbaycan liderləri işğaldan azad edilmiş Şuşa şəhərində danışıqlar aparıblar
![“My Journal Courier”: Türkiyə və Azərbaycan liderləri işğaldan azad edilmiş Şuşa şəhərində danışıqlar aparıblar](/files/2021/2/1200x630/16238307784119763232_1200x630.jpg)
Vaşinqton, 16 iyun, AZƏRTAC
İyunun 15-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana iki günlük səfərə gəlib. Ərdoğan azərbaycanlı həmkarı İlham Əliyevlə birlikdə Şuşaya - ötən ilin payızında müharibə zamanı Azərbaycanın erməni qoşunlarından azad etdiyi şəhərə yola düşüb. AZƏRTAC xəbər verir ki, Amerikada çıxan “My Journal Courier” qəzetində bu barədə material dərc edilib.
Məqalədə qeyd edilir ki, əsrlər boyu Azərbaycan mədəniyyətinin mərkəzi sayılan Şuşa 1992-ci ildə Azərbaycanın Qarabağ regionu uğrunda müharibədə Ermənistan qoşunlarının nəzarəti altına keçib. Ötən ilin noyabr ayında Azərbaycan qoşunları tərəfindən Şuşanın öz qanuni sahiblərinə qaytarılması strateji əhəmiyyətli və rəmzi xarakterli hadisə idi, çünki Şuşa Xankəndi şəhərinin yaxınlıqda yerləşir.
Prezident Ərdoğan və Prezident Əliyev Şuşada danışıqlar aparıb və iki ölkə arasında bir neçə sahədə, o cümlədən təhlükəsizlik sferasında əməkdaşlıq əlaqələrinin dərinləşməsinə yönəlmiş müttəfiqlik münasibətləri haqqında Bəyannamə imzalayıblar.
Bu sənəd imzalanandan sonra Prezident İlham Əliyev deyib: “Bu gün həyatımızda əlamətdar gündür, tarixi bir gündür.... Müttəfiqlik haqqında Bəyannamə əlaqələrimizi ən yüksək zirvəyə qaldırır”.
Türkiyə Qarabağ uğrunda sonuncu müharibədə Azərbaycanı fəal dəstəkləyib. Altı həftəlik döyüşlərdən sonra Azərbaycan region ərazisinin çox hissəsi üzərində, həmçinin son 30 ilə yaxın müddətdə ermənilərin nəzarətində olan ərazilər üzərində öz nəzarətini bərpa edib.
Prezident Ərdoğan Şuşanın işğalından sonra bu şəhərə səfər etmiş ilk xarici ölkə lideridir. O, yaxın gələcəkdə Şuşada Türkiyə Konsulluğu açılacağını bildirərək deyib: “Beləliklə, bölgədə həyata keçirəcəyimiz fəaliyyətlərin daha sürətli və səmərəli şəkildə icra olunmasını da təmin edəcəyik”.
AZƏRTAC-ın Vaşinqton bürosu