Naftalanda yaşı 18-dən yuxarı olan 5,8 min nəfər tibbi müayinəyə cəlb edilib
Naftalan, 5 aprel, Rauf Hacıyev, AZƏRTAC
Naftalanda fevralın 12-dən başlanılan tibbi müayinə tədbirləri uğurla davam edir. Bununla əlaqədar rayon sakinləri arasında izahat-maarifləndirmə işi aparılıb, xüsusən kəndlərdə yaşayan 18 yaşdan yuxarı gənclərin tibbi müayinəyə cəlb olunmaları üçün zəruri tədbirlər görülüb. Naftalan şəhəri və şəhər tabeliyində olan Qaşaltı, Qaraqoyunlu, Qasımbəyli kəndlərində müayinə tədbirləri mütəşəkkil qaydada gedir.
Şəhər icra hakimiyyətinin İnformasiya təminatı və analitik təhlil sektorunun müdiri Ülfət Əliyev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, tibbi müayinə tədbirləri zamanı əhalinin stomatoloji, ginekoloji, rentgen, kardioloji, laborator müayinələri aparılır və lazım gəldikdə həkim müalicəsinə cəlb edilir.
İndiyədək şəhər və şəhərətrafı kəndlərdə yaşayan, yaşı 18-dən yuxarı olan 7, 5 min gəncdən 5,8 min nəfəri tibbi müayinədən keçirilib. Müayinə olunan gənclərdən 969 nəfəri ambulator, 40 nəfəri isə stasionar müalicəyə cəlb edilib, 2 nəfər isə ixtisaslaşmış tibb müəssisəsinə göndərilib.
Kəndlərdə, evlərdə və digər yerlərdə həkim briqadaları yataq xəstələrinə yerində tibbi xidmət göstərilir, zərurət yarandığı təqdirdə sakinlər ixtisaslaşmış səhiyyə ocağında stasionar müalicəyə cəlb olunurlar.