İQTİSADİYYAT
Nağdsız valyuta bazarında aparılmış əməliyyatların həcmi artıb
Bakı, 22 avqust, AZƏRTAC
Cari ilin birinci yarısında manatın xarici valyutalara qarşı məzənnəsi valyuta bazarında tələb-təklif nisbətinə uyğun olaraq formalaşıb. Dövr ərzində tədiyyə balansının irihəcmli profisiti valyuta bazarında tarazlığa müsbət təsir edib ki, bu da qiymət sabitliyinin başlıca lövbərini - məzənnə sabitliyini dəstəkləyib.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) “Pul siyasəti icmalı”nda bildirilir.
Hesabat dövründə valyuta bazarında əməliyyatların həcmi bazarın bütün seqmentləri üzrə artım istiqamətində dəyişib.
Dövr ərzində nağdsız valyuta bazarında aparılmış əməliyyatların həcmi ötən ilin müvafiq dövrünə nəzərən 20 faiz artaraq 14,6 milyard ABŞ dolları ekvivalentində olub. Nağdsız valyuta əməliyyatlarının 84,9 faizi ABŞ dollarında, 15,1 faizi isə digər valyutalarda aparılıb. Valyuta əməliyyatlarının 28,4 faizi banklararası valyuta bazarında (BVB), 71,6 faizi isə bankdaxili valyuta bazarında (BDVB) həyata keçirilib.
Hesabat dövründə BVB-də əməliyyatların həcmi 4,2 milyard ABŞ dolları ekvivalentində olmaqla ötən ilin eyni dövrünə nəzərən 16,7 faiz artıb. Bu seqmentdə əməliyyatların 98,7 faizi ABŞ dollarında aparılıb. BVB-də valyuta əməliyyatları üzrə dövriyyə əsasən “Bloomberg” platformasında aparılan əməliyyatlar hesabına formalaşıb. BDVB-də valyuta əməliyyatlarının həcmi 10,5 milyard dollar ekvivalentində olub ki, bu da ötən ilin eyni dövrünə nəzərən 22,1 faiz çoxdur. Əməliyyatların 79,4 faizini ABŞ dolları ilə əməliyyatlar təşkil edib. BDVB-də valyuta əməliyyatlarının 93,1 faizi hüquqi şəxslərlə aparılan valyuta əməliyyatlarının payına düşüb.
Banklar tərəfindən nağd xarici valyutanın alqı-satqısı üzrə aparılmış əməliyyatların həcmi ötən ilin müvafiq dövrünə nəzərən 38,2 faiz artaraq 2,6 milyard ABŞ dolları ekvivalentində olub. Bunun 87,6 faizini ABŞ dolları ilə aparılmış əməliyyatlar təşkil edib. Birinci rübdə baş verən yüksək satışlar hesabına nağd xarici valyutanın xalis satışı 6 ayda ötən ilin müvafiq dövrünə nəzərən 40,8 faiz artıb. Bununla belə aprel, may və iyun aylarında vəziyyət dəyişib və banklar tərəfindən xarici valyutanın alışı satışını üstələyib.