NARKOTİK ALVERÇİLƏRİ TUTULMUŞLAR
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Əzizbəyov Rayon Polis İdarəsinin 2-ci bölməsinin əməkdaşları Bülbülə qəsəbə sakini Adil Zeynalovdan 1,108 qram, Nəsimi Rayon Polis İdarəsinin 20-ci bölməsinin əməkdaşları isə Sumqayıt şəhər sakini Yunis Məhərrəmovdan 0,273 qram, Bakı şəhər sakini Rüstəm Sadıqovdan 0,288 qram heroin aşkar edərək götürmüşlər.
Astara Rayon Polis Şöbəsinin əməkdaşları Pensər kənd sakini İlham Şəkərovdan 0,929 qram, Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları rayon sakini Nəbi Məmmədovdan 1,621 qram heroin, Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşları rayon sakini, əvvəllər məhkum olunmuş Firdovsi Məmmədovdan 4,17 qram tiryək götürmüşlər.
Lənkəran rayon sakini, əvvəllər məhkum olunmuş Mübariz Fərəcov 5,47 qram marixuananı satarkən Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində tutulmuşdur. Narkotik vasitəni ona satmış Pensər kənd sakini Təvəkkül Şükürov da saxlanılmışdır. T.Şükürovun evinə baxış zamanı 21,96 qram marixuana, 0,1 qram kənaf toxumu və 1 ədəd kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolu aşkar edilərək götürülmüşdür.
Faktlarla bağlı araşdırmalar aparılır.