CƏMİYYƏT
Narkotik maddələrin qanuni istifadəsi ilə bağlı məlumatlar mütəmadi təqdim edilir
Bakı, 12 aprel (AZƏRTAC). Azərbaycan hələ keçmiş Sovet İttifaqının tərkibində olarkən, 1961-ci ildə BMT-nin Narkotik vasitələrin istifadəsi üzrə Konvensiyasına, 1971-ci ildə isə Psixotrop maddələrin istifadəsi üzrə Konvensiyasına qoşulmuşdur. Ona görə də biz bu maddələrin qanuni istifadəsi ilə bağlı məlumatları mütəmadi təqdim edirik.
AZƏRTAC xəbər verir ki, bu barədə səhiyyə nazirinin müavini Elsevər Ağayev bildirmişdir.
Narkomaniyanın qarşısını almaq üçün məktəblərdə təbliğat işləri aparılmasının və bu işə valideynlərin cəlb olunmasının vacibliyini vurğulayan E.Ağayev Səhiyyə və Təhsil nazirliklərinin birgə həyata keçirdikləri “Narkotiklərə yox deyək!” kampaniyasının bu sahədə uğurlu addım olduğunu bildirmişdir.
Nazir müavini demişdir ki, Səhiyyə Nazirliyi narkotik və psixotrop maddələrin qanuni dövriyyəsinə nəzarət edir. İndi səhiyyəmizi narkotik və psixotrop maddələrsiz təsəvvür edə bilmərik. Ancaq bu maddələrin qeyri-qanuni istifadəsi dünyada gəlirli sahəyə çevrilmişdir. Ona görə də məktəbliləri bu bəladan qorumaqda hamı fəal olmalıdır.