DÜNYA
Nasist kollaborasionist Almaniyaya deportasiya edilib
Berlin, 21 avqust, AZƏRTAC
ABŞ hökuməti Ukrayna mənşəli Yakov Palini Almaniyaya deportasiya edib. Pali ABŞ-da yaşayan sonuncu nasist kollaborasionist (İkinci Dünya müharibəsi zamanı öz vətənini işğal etmiş faşist işğalçıları ilə əməkdaşlıq edən vətən xaini) idi. FAZ qəzetinin bugünkü nömrəsində AFR XİN başçısı Hayko Masın bu sözləri sitat gətirilir: “Almaniya nasistlər tərəfindən törədilmiş cinayətlərə görə mənəvi məsuliyyəti öz üzərinə götürüb”.
Alman KİV-lərində verilən məlumata görə, 95 yaşlı Pali avqustun 21-də səhər təyyarə ilə Düsseldorfa gəlib. Oradan onu Münster yaxınlığında yerləşən qocalar evinə aparıblar.
AZƏRTAC xəbər verir ki, İkinci Dünya müharibəsi dövründə SS Partiyasının üzvü olmuş Pali Polşa ərazisində yerləşən Travniki cəza düşərgəsində gizli polis agenti olub. “Bild” qəzeti bildirir ki, 2015-ci ildə Vürsburq prokurorluğu Pali barəsində təhqiqata başlayıb, lakin onun təqsirini sübut edən dəlillər az olduğu üçün bu işi bağlayıb. FAZ qəzeti hesab edir ki, Palinin ahıl yaşda olması nəzərə alınsa, onun məhkəmə məsuliyyətinə cəlb edilməsi ehtimalı azdır.
Yakov Pali hələ 15 il bundan əvvəl Amerika vətəndaşlığından məhrum edilib, lakin bütün bu müddət ərzində ABŞ onu deportasiya edə bilmirdi, çünki heç bir ölkə onu qəbul etməyə razılaşmırdı.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin