ELM VƏ TƏHSİL
Naxçıvan Dövlət Universitetində bilik yarışması
Bakı, 22 may (AZƏRTAC). Naxçıvan Dövlət Universitetində (NDU) “Nə?, harada?, nə vaxt?” bilik yarışması üzrə ikinci Azərbaycan çempionatının regional seçim turu keçirilmişdir.
NDU-nun mətbuat şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, seçim turunda universitetin 6 komandası iştirak etmişdir.
Universitetin tərbiyə işləri üzrə prorektoru, professor Məmməd Rzayev ölkədə aparılan təhsil və gənclər siyasətinin uğurlarından danışmışdır. O, belə yarışların keçirilməsini məqsədəuyğun hesab etmişdir.
Sonra universitetin gənclər təşkilatının sədri Arzu Abdullayev yarışmanın şərtləri və qaydaları haqqında ətraflı məlumat vermişdir.
Dörd mərhələdə keçirilən gərgin bilik yarışmasının qalibi “Əlincə” komandası olmuşdur.
“Əlincə” komandası göstərdiyi yüksək nəticəyə görə ikinci Azərbaycan çempionatında iştirak edəcək komandalar arasında birinci onluğa daxil olmuşdur.
Mayın 27-də Bakı şəhərində keçiriləcək final turunda 122 komanda ilə birlikdə Naxçıvan Dövlət Universitetinin “Əlincə” komandası da öz qüvvəsini sınayacaqdır.