Naxçıvan Dövlət Universitetində keçirilən yaradıcılıq müsabiqəsinə yekun vurulub
Naxçıvan, 2 aprel, AZƏRTAC
Naxçıvan Dövlət Universitetində (NDU) “Mili-mənəvi dəyərlərimizi yaşadan Novruz adətləri” adlı foto-video, əl işləri müsabiqəsinə yekun vurulub.
NDU-nun televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, müsabiqədə fərqlənən tələbələrin mükafatlandırılması mərasimində çıxış edən universitetin tədris və tərbiyə işləri üzrə prorektoru Rafiq Rəhimov xalqımızın Novruz bayramına verdiyi önəmdən danışıb.
Qeyd edilib ki, tələbələr tərəfindən çəkilən foto-videolar NDU-nun “Instagram” səhifəsində yerləşdirilmək üçün müsabiqəyə təqdim olunub. Ümumilikdə, müsabiqəyə 65-ə yaxın foto-video buraxılıb. Müsabiqədə Novruzun rəmzlərini, adət-ənənələrini, keçirilən mərasimləri əks etdirən materiallar yer alıb. Qaliblər universitetin “Instagram” səhifəsində ən çox bəyənmə alan 10 video, foto, əl işi arasından seçilib. Peşəkar münsiflərin rəyinə əsasən, foto nominasiyası üzrə Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası və metodologiyası ixtisası üzrə II kurs magistr Aynur Həsənli müsabiqənin qalibi olub. Memarlıq ixtisası üzrə I kurs tələbəsi İlahə Babayeva ikinci, Mühasibat uçotu və audit ixtisası üzrə I kurs tələbəsi Emil Tarverdiyev üçüncü, Stomatologiya ixtisası üzrə hazırlıq kursunun tələbəsi Gür Çetin, həmin ixtisas üzrə Bilal Barış, Fransız dili ixtisası üzrə II kurs tələbəsi Nurcan Əliyeva həvəsləndirici yerə layiq görülüblər.
Video müsabiqədə isə Torpaqşünaslıq və aqrokimya ixtisası üzrə I kurs tələbəsi Sunay Abdullayeva qalib gəlib. Dünya iqtisadiyyatı ixtisası üzrə I kurs tələbəsi Kamal Babazadə, Otelçilik ixtisası üzrə II kurs magistr Ülviyyə Əliyeva ikinci, Əczaçılıq ixtisası üzrə hazırlıq kursunun tələbəsi Azad Memitanlı üçüncü, Dünya iqtisadiyyatı üzrə I kurs tələbəsi Emeka Richard, Hüquqşünaslıq ixtisası üzrə II kurs tələbəsi Murad Əlkərəmov isə həvəsləndirici yeri əldə ediblər.
Əl işləri nominasiyası üzrə hazırlanan videolar içərisində Tarix müəllimliyi ixtisası üzrə V kurs tələbəsi Günel Həsənli müsabiqənin qalibi olub. Musiqi təhsili üzrə II kurs tələbəsi Lətifə Quliyeva ikinci, Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə II kurs magistr Nuridə Məmmədova üçüncü, Turizm və otelçilik ixtisası üzrə II kurs magistr Məmləkət Gözəlova həvəsləndirici yerə layiq görülüblər.
Qaliblər NDU-nun diplom və pul mükafatı ilə təltif olunublar.