Naxçıvan Dövlət Universitetində “Mühasibat uçotu” kitabının təqdimatı olub
Naxçıvan, 11 may, AZƏRTAC
Naxçıvan Dövlət Universiteti (NDU) Beynəlxalq münasibətlər və xarici dillər fakültəsində ölkəmizdə keçirilən II Milli Mühasiblər Forumunda “Mühasibat uçotu” nominasiyası üzrə qalib elan edilən “Mühasibat uçotu” adlı kitabın təqdimatı olub.
NDU-nun mətbuat şöbəsindən AZƏRTAC-ın Naxçıvan bürosuna verilən məlumata görə, tədbirdə çıxış edən universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov iqtisadiyyatın sürətli inkişafının, beynəlxalq münasibətlərin dərinləşməsinin, iqtisadi inteqrasiya prosesinin geniş vüsət almasının xarici investorların Azərbaycan iqtisadiyyatına marağını artırdığını bildirib, mühasibatlıq haqda bir çox qanunların imzalanmasının ölkə iqtisadiyyatı üçün mühüm əhəmiyyətindən söz açıb.
Universitetin mühasibat uçotu və maliyyə kafedrasının müdiri, iqtisad üzrə fəlsəfə doktoru Teymur Abbasov çıxışında deyib ki, mühasibat uçotu maliyyə xüsusiyyətli hadisə və proseslə əlaqədar məlumatların toplanmasını, qeyd edilməsini, təsnifləndirilməsini, təhlil edilməsini və şərh olunmasını öyrənən bir elmdir. Müasir dövr mühasibatlığının əsası 1973-cü ildə Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə Komitənin yaradılması ilə qoyulub. Həmin qurum vasitəsilə Maliyyə Hesabatlarının Beynəlxalq Standartları hazırlanıb və dünyanın bir çox ölkələrində tətbiqinə başlanılıb. Bu dövr əsasən Mühasibat Uçotunun Ümumqəbuledilmiş Prinsiplərinin formalaşması ilə xarakterizə olunur.
Kitab haqqında məlumat verən NDU-nun dünya iqtisadiyyatı və menecment kafedrasının müdiri, iqtisad üzrə fəlsəfə doktoru Ceyhun Mahmudov qeyd edib ki, 15 fəsildən ibarət olan nəşrin birinci fəslində mühasibat uçotunun mahiyyəti, tarixi inkişafı və təsərrüfat subyektlərinin formalarından bəhs edilir. Sonrakı fəsillərdə isə ardıcıl olaraq maliyyə hesabatlarının elementlərindən, hesablar və ikili qeydiyyat prinsiplərindən, pul vəsaitləri, debitor borclar, ehtiyatlar və maliyyə aktivlərinin uçotundan, uzunmüddətli maddi və qeyri-maddi aktivlərin uçotu və amortizasiyası metodlarından, xüsusi kapital, öhdəliklər, gəlirlər və xərclərin yaranması və uçot prinsiplərindən söz açılır. Daha sonra maliyyə hesabatlarının təhlili qaydaları göstərilib. Sonuncu fəsildə isə praktiki nümunələr əsasında əhatəli şəkildə maliyyə hesabatlarının hazırlanması mərhələləri izah edilərək müəssisələrin qarşılaşacağı çoxsaylı problemlərə toxunulub.
Nəşrin müəllifləri “Cahan” Holdinq Şirkətlər İttifaqının Bakı şəhərindəki bazarlama xidmətinin maliyyə müdiri Elvin Həsənov və “Naxçıvanqaz” İstehsalat Birliyinin mühasibi Elvin Əlimərdanov çıxışlarında bildiriblər ki, dərs vəsaitindən iqtisadi təmayüllü ali təhsil müəssisələrinin tələbələri, magistrləri, müəllimləri, müəssisədə çalışan mühasiblər, auditorlar, iqtisadçılar və mühasibat uçotu elminə maraqlı olan digər şəxslər istifadə edə bilərlər. Hər iki müəllif kitabın təqdimatının təşkilinə görə minnətdarlıqlarını bildiriblər. Həmmüəlliflər qazandıqları mükafatın muxtar respublika elminə, təhsilinə göstərilən diqqət və qayğının təzahürü olduğunu vurğulayıblar.