REGİONLAR
“Naxçıvan Məhsulları” MMC yerli brendlərin yaradılması istiqamətində iş aparır
Naxçıvan, 2 noyabr, AZƏRTAC
“Naxçıvan Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyəti muxtar respublikanın ixrac imkanlarını daha da artıracaq.
AZƏRTAC xəbər verir ki, cəmiyyət işini yerli istehsalçıların fəaliyyətinin stimullaşdırılması, məhsulların reklam və təşviqi, onların rəqabət qabiliyyətinin artırılması, xarici bazarlara ixrac imkanlarının genişləndirilməsi və yerli brendlərin yaradılması istiqamətində qurub. Cəmiyyətin fəaliyyətə başlaması muxtar respublikada uşaq bağçalarının, məktəblərin, xəstəxanaların və digər qapalı müəssisələrin yüksək keyfiyyət standartlarına malik yerli məhsullarla təmin edilməsinə imkan verib.
Cəmiyyətin direktoru Namiq Əhmədovun sözlərinə görə, 2015-ci ildə təsis edilən müəssisəyə muxtar respublikanın Sahibkarlığa Kömək Fondu tərəfindən 511 min manat güzəştli kredit ayrılıb. Cəmiyyətdə Türkiyə istehsalı olan müasir avadanlıqlar quraşdırılıb ki, bu da yüksəkkeyfiyyətli məhsul istehsalına zəmin yaradır.
Müəssisədə istifadəyə verilən makaron istehsalı, bal, pendir və yabanı tərəvəz məhsullarının qablaşdırılması sahələri muxtar respublikada fəaliyyət göstərən heyvandarlıq və arıçılıq təsərrüfatlarının fəal istehsal prosesinə cəlb edilməsinə, kənd əhalisinin səmərəli məşğulluğuna stimul verəcək.
“Naxçıvan Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətin ərazisində tikinti-quraşdırma işləri aparılıb, yeni avadanlıqlar, avtoyükləyici və yük avtomobilləri alınıb. Burada müxtəlif temperatur rejimində və rütubətsiz şəraitdə fəaliyyət göstərən 4 soyuducu anbar quraşdırılıb. Soyuducu anbarlara tələbata uyğun kənd təsərrüfatı məhsulları tədarük olunub. Müəssisədə 50 yeni iş yeri açılıb.
Naxçıvanda sahibkarlığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi, yeni biznes imkanlarının yaradılması məqsədilə 2000-ci ildən ötən müddət ərzində muxtar respublikanın Sahibkarlığa Kömək Fondunun vəsaitləri hesabına 1215 layihənin maliyyələşdirilməsinə 124 milyon manatdan çox kredit verilib, rəqabətədavamlı məhsul istehsal edən 442 sənaye müəssisəsi yaradılıb. Bu tədbirlər 2016-cı ildə də davam etdirilib, 23 yeni istehsal və xidmət sahəsi fəaliyyətə başlayıb.