İQTİSADİYYAT
Naxçıvan Muxtar Respublikası Ali Məclisində müşavirə keçirilmişdir
Naxçıvan, 23 avqust (AZƏRTAC). Avqustun 23-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2011-2012-ci ilin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar müşavirə keçirilmişdir.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Səfərov, Naxçıvan Muxtar Respublikasının təhsil naziri Piri Nağıyev, səhiyyə naziri Niyazi Novruzov, Dövlət Energetika Agentliyinin baş direktoru Yasin Səfərov, “Naxçıvanqaz” İstehsalat Birliyinin direktoru Səxavət Abbasov payız-qış mövsümünə hazırlıqla əlaqədar çıxış etmişlər.
Müxtəlif xidmətlərin rəhbərləri müvafiq sahələr üzrə payız-qış mövsümünə hazırlığın vəziyyəti və görülən işlər barədə məlumat vermişlər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov son illər həyata keçirilən məqsədyönlü tədbirlərin nəticəsi olaraq muxtar respublikanın enerji təhlükəsizliyinin tam təmin edildiyini bildirərək demişdir ki, artıq nəinki elektrik enerjisinin fasilələrlə verilməsi aradan qalxmış, yeni istifadəyə verilən elektrik stansiyaları hesabına muxtar respublika elektrik enerjisi ixracatçısına çevrilmişdir.
Ali Məclisin sədri görülən işlərdən danışaraq bildirmişdir ki, cari ilin ötən dövründə Şərur rayonunda 50 meqavoltamper gücündə transformator yarımstansiyası istifadəyə verilmiş, Naxçıvan şəhərində isə eyni gücdə yarımstansiyanın tikintisi davam etdirilir. Ötən ilin oktyabrında gücü 22 meqavat olan “Biləv” Su Elektrik Stansiyasının istifadəyə verilməsi, həmçinin 20,5 meqavat gücündə “Arpaçay” Su Elektrik Stansiyasında tikinti işlərinin davam etdirilməsi muxtar respublikanın elektrik enerjisi ilə təchizatında asılılığın aradan qalxmasına imkan yaradır.
Ali Məclisin sədri 2011-2012-ci ilin payız-qış mövsümünə hazırlıqla bağlı aidiyyəti orqanların rəhbərlərinə konkret tapşırıqlar vermişdir. Qeyd olunmuşdur ki, payız-qış mövsümündə təhsil, səhiyyə, nəqliyyat, mədəniyyət və idman müəssisələrinin fasiləsiz fəaliyyət göstərmələri ilə bağlı konkret vəzifələr müəyyənləşdirilməli, nöqsanlar qısa müddətdə aradan qaldırılmalıdır.
Ali Məclisin sədri əhalinin payız-qış mövsümündə ərzaqla təminatı məsələlərinə də toxunmuş, İqtisadi İnkişaf Nazirliyinə tapşırmışdır ki, muxtar respublikada mövsüm ərzində tələbatdan artıq istehsal olunmuş kənd təsərrüfatı məhsullarının soyuducu anbarlara tədarükünə diqqət artırılsın və ərzaq məhsullarının qiymətləri nəzarətdə saxlanılsın.
Müşavirədə digər sahələrlə bağlı tapşırıqlar da müəyyən olunmuşdur. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır ki, icra intizamının gücləndirilməsi istiqamətində müvafiq tədbirlər görsün, payız-qış mövsümü ilə bağlı zəruri yanacaq və avadanlıqların alınmasını təmin etsin, görülmüş işlər barədə cari il oktyabrın 20-dək Ali Məclisə məlumat versin.