İQTİSADİYYAT
Naxçıvan Şəhər Təsərrüfat Hesablı Nəqliyyat İdarəsi üçün yeni kompleks inşa olunur
Naxçıvan, 21 oktyabr (AZƏRTAC). Naxçıvan Muxtar Respublikasında yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər cari ildə də uğurla davam etdirilir.
İyul ayından Naxçıvan Şəhər Təsərrüfathesablı Nəqliyyat İdarəsi üçün yeni kompleksin inşasına başlanılmışdır. Tikinti işlərinin “Gəmiqaya” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları tərəfindən həyata keçirildiyi obyektdə yeməkxana, avtobusların təmiri, yuyulması sexləri, ehtiyat hissələri anbarı və satış mağazası, idarə binası inşa olunur. Hazırda kompleksin ərazisindəki binalarda qəlib-beton, hörgü işləri həyata keçirilir. Obyektin iş icraçısı Musa Cəfərovun bildirdiyinə görə, burada avtobusların dayanması üçün üç boks quraşdırılacaq, bir hektarlıq ərazidə abadlıq və yaşıllaşdırma işləri aparılacaqdır.